Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlə bağlı — İrandan BƏYANAT

10:48 - 15 Dekabr 2017 - DÜNYA

Noyabrın əvvəlində Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlə İran qüvvələrinin heç bir əlaqəsi yoxdur.


Ucnoqta.az “Ölkə.Az”a istinadən  xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat verib. Verilən bəyanata görə, ABŞ-ın bununla bağlı səsləndirdiyi ittihamların heç bir əsası yoxdur.
 

“Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz,  təxribatçı və destruktiv ittihamı rədd edirik”, - deyə bəyanatda bildirilib.
 
Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
 

Hadisədən sonra ABŞ Hava Qüvvələri Mərkəzindən bildirilib ki, Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket atışlarının arxasında İran dayanır. Mərkəzin Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bildirib ki, Yəmənin istifadə etdiyi raketlərin arxasında İranın dayandığı açıq-aşkar görünür.

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, - deyə Harriqan bildirib.

Xəbər xətti