“Ermənistan İran üçün dost ölkədir” — İran parlamentinin sədri Laricani

10:24 - 12 Dekabr 2017 - DÜNYA

İran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyətilə görüş keçirib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “aysor.am” saytı məlumat yayıb. Verilən məlumata görə, Əli Laricani dekabrın 11-də İranda bir qrup erməni deputatı qəbul edib. Görüş çərçivəsində erməni deputat Vaqram Baqdarasyan Əli Laricaniyə onları qəbul etdiyi üçün minnətdarlığını bildirib. Erməni deputat deyib ki, Ermənistan-İran münasibətləri daha da inkişaf edəcək.
 

“İstər enerji, istər, iqtisadi, istərsə də turizm sahəsində iki ölkə arasında əməkdaşlıq mövcuddur. Bundan sonra da, iki ölkə qardaş və dostluq münasibətlərini qoruyacaq”, - deyə Vaqram Baqdarasyan bildirib.

İran parlamentinin sədri Əli Laricani də öz növbəsində erməni deputatları salamlayıb. O, bildirib ki, iki ölkə arasında dostluq münasibətləri həmişə davam edəcək.

“Ermənistan İran üçün dost ölkədir. İran həmişə Ermənistanla əməkdaşlıq etməyə hazırdır. İran dostluq əli uzatdığı ölkə ilə axıradək dostluq yolunu davam etdirir  və bəzi ölkələr kimi qəfildən dəyişmir”, - deyə Əli Laricani bildirib.
 

İranlı spiker görüş çərçivəsində Dağlıq Qarabağ probleminə də toxunub. O, bu münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.

“Bir daha bildirmək istəyirəm ki, bizim üçün ən vacib məsələ regiondakı münaqişənin sülh yolu ilə həll edilməsidir. Çünki onsuzda regionda münaqişə ocaqları yetərincədir. Bu problemin də müharibəyə yol açmasına imkan vermək olmaz. Çünki müharibə heç bir tərəfə, ümumiyyətlə regiondakı ölkələrə xeyir gətirməz”, - deyə Əli Laricani vurğulayıb.
 

Əli Laricani sonda dostluq qruplarını əməkdaşlığı və iqtisadi əlaqələri maksimum dərəcədə inkişaf etdirməyə çağırıb.

Xəbər xətti