Bu gün Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.
Ucnoqta.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub.
Məhz A. Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur. 2017-cı il Nobel Sülh Mükafatı Oslo Şəhər Ratuşasında “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim olunub. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen, tarixə nəzər salaraq, nüvə silahının insanlığa yaratdığı təhlükə barəsində danışıb. O xatırladıb ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin (NSYM) olmasına baxmayaraq, bu növ silahdan istifadə təhlükəsi hələ də mövcuddur. Berit Reiss-Andersen deyib ki, “İCAN” bu mükafata nüvə silahının qadağan olunması ilə bağlı həyata keçirdiyi addımlarına görə layiq görülüb.
“Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya”nın İcraçı direktoru Beatrice Fihn Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib. Nüvə silahlarının bu gün insanlığa böyük təhlükə yaratdığını vurğulayan Beatrice Fihn deyib ki, “nüvə silahları ilə bağlı “hekayə” bir gün sona çatacaq və bu sonun nə olacağı insanlardan asılıdır”. O, bir daha dünya ölkələrinə səslənərək nüvə silahından istifadənin tam qadağan olunmasına çağırıb.
Sonda 1945-ci ildə Xirosima şəhərində nüvə bombardmanını yaşamış “İCAN” təşkilatının fəalı Setsuko Thurlov çıxış edərək, öz həyatından və nüvə silahının faciəvi nəticələrindən söz açıb.