Pentaqon Rusiyanın ittihamlarına dərhal cavab verib.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, Pentaqon rəhbərliyi Rusiya Müdafiə Nazirliyinin Amerikanın ünvanına hədəflədiyi ittihamlarla razı deyil.
“Suriyada İŞİD terrorçuları ilə həqiqi mübarizə aparan və bu mübarizədə qələbə çalan ABŞ və onun rəhbərlik etdiyi koalisiya qüvvələridir. İŞİD terrorçularına qarşı Rusiya və Suriya rejiminin mübarizəsi isə sadəcə görüntü xarakteri daşıyır. Bu səbəbdən də, Amerikanın İŞİD terrorçularını qoruması və müdafiə etməsi kökündən səhv fikirlərdir”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, dekabrın 9-da Rusiya Müdafiə Nazirliyi ABŞ hərbçilərini Suriyada İŞİD terror təşkilatının üzvlərini qoruduqları barədə açıqlama verib. Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələri Suriyada İŞİD terror təşkilatı üzvlərinin gizləndiyi əraziləri bombalamaq istəyərkən ABŞ-ın qırıcıları buna mane olub. Bu barədə Rusiya müdafiə nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın qırıcıları rusların bombardımançı təyyarələrinə yaxın məsafədən uçduqları üçün əməliyyata mane olublar.
“Bizim “SU-25” təyyarələrimiz əməliyyat keçirərkən ABŞ-ın “F-22” qırıcıları buna mane olublar. Onlar bizim təyyarələrin yaxınlığından uçublar və zərbələr endirməyə imkan verməyiblər”, - deyə İqor Konaşenkov bildirib.