İordan çayının qərb sahilindəki toqquşmalarda 760-dan çox insan xəsarət alıb.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə yerli tibbi xidmət məlumat yayıb. Verilən məlumata görə, toqquşmalar nəticəsində 2 nəfər də dünyasını dəyişib. Yaralılardan isə 60 nəfərinin bədənində güllə aşkar edilib.
“Bu gün iğtişaşlarda iki fələstinli ölüb, daha üçü ağır vəziyyətdədir”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
Ölkənin hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, iğtişaşlarda ümumilikdə 7,5 min insan iştirak edib. Polislər qarşıdurmanın qarşısını almaq üçün odlu silahdan istifadə etdiklərini təsdiqləyiblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.
“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.
Onun bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. D.Trampın bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən ona etirazlar gəlib. İlk etiraz isə Fransa prezidentindən səsləndirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarına pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampın yeni bəyanatını xoş qarşılamayıb. Bildirilib ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticələnməyəcək.