“Futbolçularla ciddi danışmışam” - Yunis Hüseynov

17:13 - 8 Dekabr 2017 - İDMAN

“Çempionatda qış fasiləsi yarandığından bütün diqqətlər kubok oyunlarına yönəlib. Premyer Liqadan qitə miqyaslı turnirə qatılmaq çətin görünür. Amma kubokdan Avropaya gedən yol daha qısadı”.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə oynayacaq Gəncə təmsilçisi bu matça hazırlığını davam etdirir. Bakıda məşq keçən komandanın baş məşqçisi Hüseynov qarşıdakı görüşlə bağlı fikirlərini kapazpfc.az saytına açıqlayıb: “Əvvəlki mərhələdə “Binə” ilə görüşdən sonra da bu haqda danışmışdım. Aşağı dəstə təmsilçisi ilə oyunumuz çətin alınmışdı. İndi rəqibimiz elita klubudu. Hər bir komanda kubokda qalib gəlmək istəyir.
 

Bizim kimi “Keşlə” də qarşıdakı matçlara səylə hazırlaşır. Mərhələ keçməyə həvəsliyik. Amma necə olacağını zaman göstərəcək. Deyim ki, çətin oyun olacaq. Premyer Liqa klubları arasında asan görüş yoxdu. Hər iki komandada baş məşqçi dəyişikliyi olub. Bakı təmsilçisinə Ramiz Məmmədov rəhbərlik edir. Onlar da istəklidilər. Komandalar bir-birilərinə qarşı ciddi hazırlaşır. Çalışıb elə oyun nümayiş etdirməliyik ki, mərhələ keçən tərəf biz olaq. Futbolçularla bu haqda ciddi söhbətimiz olub. Avropaya getmək üçün ən real şans kubokdu. Ona görə də imkandan lazımınca istifadə etməliyik. Komandaya inanıram. Amma bununla belə çox işləmək lazımdı”.      

Xəbər xətti