Müsəlman ölkələri Qüds üçün ayağa qalxdı - Fotolar

17:04 - 8 Dekabr 2017 - DÜNYA

Müsəlman ölkələrinin sakinləri ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz əlaməti olaraq bu gün küçələrə çıxıblar.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İordaniyanın paytaxtı Ammanda cümə namazından sonra yürüş başlayıb. Yürüşə yerli siyasətçilər – parlament və siyasi partiya üzvləri də qoşulublar. 

Türkiyədə isə nümayişlər İstanbul, Ankara, Bursa, Konya, Eskişəhər, Manisa və digər şəhərlərdə davam edir. Minlərlə etirazçı “İsrail qatildir, ABŞ onun himayədarıdır” şüarları yazılan plakatlar qaldırıblar. Polis aksiyanın keçirilməsinə mane olmur. 
 

Misirdə isə yüzlərlə insan Qahirədəki “Əl Azhar” məscidi qarşısındakı meydana toplaşıb. Onlar əllərində Fələstin bayrağı ilə “Qüds ərəblərindir, qərbin və şərqin deyil” şüarları səsləndirirlər. 
 

Bundan başqa, İsrail polisi ilə Qüdsdə yerli müsəlmanlar arasında toqquşmalar davam edir. 

Qarşıdurmalar İordaniya çayının qərb sahillərində də müşahidə olunur. 


Xəbər xətti