Dekabrın 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərinin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, seminarda bir sıra dövlət qurumlarının və beynəlxalq təşkilatları təmsil edən 40-dan çox nümayəndə iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 11 istiqamət üzrə yol xəritələri, o cümlədən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” təsdiq olunduğunu vurğulayıb və bu istiqamətdə görülmüş işlər, biznes və investisiya mühitinin inkişafı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir müavini bu yol xəritəsinin icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə OECD ilə həyata keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalı ilə bağlı işlər aparıldığını bildirib və sənəd barədə məlumat verib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Jeroen Willems və OECD-nin Qlobal Münasibətlər üzrə layihə rəhbəri Bill Tompson tədbirin əhəmiyyəti, KOS sahəsində həyata keçirilən Yol Xəritəsi üzrə müəyyən olunmuş hədəf istiqamətlər üzrə, həmçinin Azərbaycan hökuməti ilə birgə həyata keçirilən layihə haqqında ətraflı məlumat veriblər.
Sonra “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə strateji hədəflərin (Biznes tərəfdaşlığı, KOS-lar üçün alternativ maliyyə alətləri, KOS subyektlərinin beynəlmiləlləşdirilməsi, qadın sahibkarlıq) icrasına OECD-nin göstərəcəyi ekspert dəstəyi barədə müzakirələr aparılıb. Həmçinin, bu tədbirlər çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, müəssisə sorğusu layihəsi və xarici investorlar ilə əlaqə, KOS strategiyaları və fəaliyyət planlarının monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması, təhlili, hesabatvermə bilikləri barədə təqdimatlar edilib, suallar cavablandırılıb.