Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 3 gün davam edəcək seminarda Serbiya gömrük xidmətinin əməkdaşları Veselin Miloşeviç, Olqa Protic və Vladan Vukoviç tərəfindən Serbiya tranzit sistemi, NCTS sisteminin Azərbaycanda tətbiqinin zərurəti, NCTS-in əsas prinsipləri və faydaları, Milli Layihə Planı və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər.
Seminarın açılışında çıxış edən DGK-nin sədri Aydın Əliyev bildirib ki, Ümumi Tranzit Proseduru və Ticarətin Sadələşdirilməsinə dair Konvensiyaya qoşulmaq Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə fəaliyyət planındakı vacib hədəflər sırasında yer alıb. Komitə sədri hazırda Avropa məkanında tətbiq edilən NCTS-yə qoşulmaq istiqamətində atılan addımlardan, bu sistemin Azərbaycan və region üçün faydalarından bəhs edib.Avropa məkanında tətbiq edilən NCTS-yə qoşulmaq istiqamətində atılan addımlardan
Seminarda Serbiya gömrük xidməti əməkdaşlarının ekspert qismində iştirak etməsini yüksək qiymətləndirən A.Əliyev Serbiyanın böyük tranzit imkanlarına malik olmaqla yanaşı, bu sahədə əldə etdiyi təcrübənin Azərbaycan üçün maraqlı nümunə olacağına əminliyini ifadə edib.
Avropa İttifaqı Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyat Əməkdaşlığının İdarə olunması üzrə Avropa Agentliyi - "Frontex"in əməkdaşı Darius Mrovic bildirib ki, əsas məqsəd şəxslərin və yüklərin sərhədkeçmə prosesinin asanlaşdırılmasıdır.
Serbiya gömrük xidmətinin nümayəndəsi V.Miloşeviç çıxışında Kosovanın ÜGT-yə üzvlük məsələsinin müzakirəsi zamanı ölkəsinin mövqeyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Seminar Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.