Şərif Kərimli Birliyə sədr seçildi
Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı keçirilib. Toplantıya tanınmış publisist-şair Dəyanət Osmanlı sədrlik edib. 127 nəfərin iştirakıyla baş tutan Ümumi yığncaqda Birliyin ötən dövr fəaliyyəti müzakirə olunub və qeyri-qənaətbəxş hesab edilib. Sədr Kərəm Məmmədovun istefası nəzərə alınaraq gündəliyə Birliyə yeni sədrin seçilməsi məsələsinin salınması yekdilliklə qəbul edilib.
Keçmiş sədr istefasından sonra İH-nin 18 nəfər üzvünün seçdiyi Ümumi yığıncağa hazırlıqla əlaqədar İşçi qrupunun hesabatı dinlənilib. Cari məsələlərlə əlaqədar professorlar Teymur İlyasov, Asif Hacıyev, tanınmış ziyalılardan Həmzəli İlyas, Adil Cəmil, Hacı Teymur və başqaları fikir və təkliflərini bildiriblər.
İşçi qrupunun məlumatında Azadə-Taleh Abbas qızı və Şərif Kərimlinin sədrliyə namizədliyinin qeydə alındığı bildirilib. Sonra sədrliyə namizədlərə öz platformalarını söyləmək üçün söz verilib. Azadə-Taleh Abbas qızı namizədliyini geri götürdüyünü bildirib. Növbəti namizəd Şərif Kərimli sədr seçiləcəyi təqdirdə görəcəyi işlərdən, danışıb. O bildirib ki, Borçalılar güclü Gürcüstanda yaşamaq istəyirlər: "İveria" qəzetinin 1890-cı il 16-17 noyabr nömrəsində Gürcüstanın görkəmli ictimai xadimi, yazıçı İlya Çavçavadzenin “Borçalos Mazra” (Borçalı Qəzası) məqaləsində deyilirdi: “Borçalı qəzası Tiflisdən güney tərəfdə yerləşir. Bu qəza ilə Tiflis, Qazax və Axalkələk qəzaları həmsərhəddir. Böyüklüyünə görə Borçalı qəzası bütün Tiflis qubernyasının qəzaları içində, demək olar ki, ikinci yeri tutur. Qəza dörd nahiyəyə: Loru, Borçalı, Trialet və Yekaterinenfeld nahiyələrinə bölünür. Ərazisinin böyüklüyünə və əhalisinin çoxluğuna görə birinci yeri Loru nahiyəsi, sonra Trialet nahiyəsi tutur...”
Tanınmış eloğlumuz, gözəl alim, yaxın dostum və bir vaxtlar “Azərbaycan” qəzetində birgə işlədiyim Şurəddin Məmmədli “Paralanmış Borçalı” kitabında haqlı olaraq belə bir sual verir:
“Göründüyü kimi, burada Borçalı qəzasının coğrafi durumu təsvir olunmuşdur. Bu məqalədəki Borçalı nahiyəsi indiki Marneuli, Yekaterinenfeld nahiyəsi indiki Bolnisi və Tetriskaro (Ağbulaq), Trialet nahiyəsi indiki Dmanisi (Başkeçid) və Zalqa rayonlarını təxmini əhatə edir... Bəs “ərazisinin böyüklüyünə və əhalisinin çoxluğuna görə birinci yeri tutan” Loru nahiyəsi hanı?
Həmin Loru nahiyəsi Ermənistanın indiki Tumanyan, Noyemberyan, Stepanavan, Taşır (yaxınlaracan Kalinino) rayonlarının ərazilərinə uyğundur. Demək, adları çəkilən ərazilər də Borçalının imiş... Bəs Borçalının yarısı Ermənistana nə vaxt, niyə, kimlər tərəfindən verilmişdir?”
Bəli, vaxtilə Borçalının Loru-Pəmbək bölgələrini ələ keçirən və 1988-ci ildə burada yaşayan borçalıları “Yerevanskie azerbaydjansı” – mən çox-çox üzr istəyirəm bu ifadəni işlətdiyimə görə - “yeraz” adı ilə öz doğma yurd-yuvalarından didərgin salan ermənilər, daha sonra Zəngəzura, Göycəyə yiyələndilər. “İştah diş altındadır” prinsipi ilə Azərbaycanın və Gürcüstanın digər torpaqlarına tamah saldılar və başları nökərçilik etdikləri imperiya qüvvələrinin qoltuğunda ola-ola Dağlıq Qarabağa göz dikdilər... İndi də Gürcüstanın bəzi bölgələrini ələ keçirməyə çalışırlar.
Etiraf etmək lazımdır ki, ermənilərin işğalçılıq siyasətinin bəhrə verməsində biz azərbaycanlıların və gürcülərin humanistliyi də öz əleyhimizə müəyyən qədər neqativ rol oynayıb. Vaxtilə İ.Çavşavadze yana-yana belə deyirdi: “Bir vaxt gələcək, içərimizə doluşmuş bu familiyasını dəyişmiş ermənilər biz gürcüləri barmaqla göstərib deyəcəklər: baxın, bunlar gürcüdür!”
Eyni humanistliyi biz azərbaycanlılar da o naşükürlərə göstərmişdik: süfrəmizin başında oturtmuşduq, vəzifələrə irəli çəkmişdik, yanımızda olarkən hörmət əlaməti olaraq, onlarla ana dilimizdə deyil, yad dildə danışmışıq... Bundan artıq nə hörmət edəydik biz binəvalar?!
“Borçalı” İctimai Birliyinin bu gün ən böyük missiyalarından biri də məhz danışdığımız bu problemdir. Biz təkcə azərbaycanlıların deyil, eyni zamanda gürcülərin də torpaq bütövlüyü uğrunda hər an mübarizəyə qatılmağa hazırıq. Çünki Azərbaycan və Gürcüstan hesabına özlərinə Ermənistan adlı dövlət yaradan bu yadellilərin gözləri belə tez doyan deyil.
İctimai Birlik olaraq bizim ən ümdə vəzifəmiz isə Borçalının mənəvi-coğrafi bütövlüyünü, birliyini qorumaqdır. Əsrin əvvəllərində Borçalı Qarapapaq Türk Cümhuriyyəti yaratmaq istəyən borçalı türkləri indi bütün yaxın və orta Şərqə səpələnib. Milyonlarla Borçalı Qarapapaq türkü Türkiyədə, İranda, Azərbaycanda, Gürcüstanda və Orta Asiyada yaşamaqdadır. Bizim Birlik bölük-bölük olmuş borçalılar arasında mənəvi bir körpü rolu oynamalıdır. Sınır iddialarından tamamilə uzaq olan biz borçalılar müxtəlif ərazilərdə fərqli millətlər arasında mehriban yaşayaraq mədəni əlaqələri daha da genişləndirməli, milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Bununla yanaşı, biz Borçalıdan qopan toplumlar arasında Birliyimizi genişləndirməli və əslimizi, kökümüzü, adət-ənənəmizi, folklorumuzu, Borçalıya xas olan el sənətlərimizi unutmamalı, onu nəsildən-nəsilə ötürməliyik.
Biz hər iki ölkənin – Azərbaycan və Gürcüstanın dövlət orqanları ilə Borçalı naminə sıx əməkdaşlıq etməli, regionun çiçəklənməsinə, strateji əməkdaşlığın inkişafına, eləcə də gürcü və azərbaycan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verməyə çalışmalıyıq.
Borçalılar, ermənilərdən fərqli olaraq, güclü Gürcüstanda yaşamaq istəyirlər. Elə buna görə də Azərbaycan və Gürcüstan, təbii olaraq, istər daxili məsələlərdə olsun, istərsə də beynəlxalq məsələlərdə, həmişə bir-birilərini dəstəkləmişlər. Bunlar da ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrə müsbət təsir göstərmiş, regionda təhlükəsizlik, sabitlik və əmin-amanlığı bərqərar etmiş və beynəlxalq aləmdə ölkələrimizin mövqelərini möhkəmləndirmişdir.
İndi onsuz da dünya problemlər içərisində çabalayır. Biz borçalılar bölgənin digər xalqları ilə ancaq bərabərhüquqlu əməkdaşlıq və mədəni inteqrasiya müstəvisində inkişaf edə və sosial-iqtisadi durumumuzu yüksəldə bilərik. Bunu xüsusilə vurğulamaq istərdim ki, milli-mədəni zəmində yaradılan birliklərin liderlərinin mənəvi haqqı yoxdur ki, həmin birlikləri siyasi alətə çevirsinlər. Belə düşünülməmiş addımların ağrısını biz bu gün çəkiriksə, bizim balalarımız, soydaşlarımız onun ağrısını-acısını illər boyu dadacaqlar.
Biz Borçalılar torpağa həddən artıq bağlı adamlarıq. Harada yaşamasından asılı olmayaraq, elə bir Borçalı balası tapılmaz ki, ayda bir neçə dəfə doğmalarına baş çəkməsin. Elə buna görə də Bakıda cərəyan edən bütün olayların əks-sədası təbii olaraq Borçalıdan eşidilir. İnanın ki, biz borçalılar Azərbaycandan və Gürcüstandan ancaq xoş sədalar eşitmək arzusundayıq. Çünki biz borçalıların vətəni daha genişdir – bizim Vətənimiz Xəzər dənizindən Qara dənizədək Allahın səxavətlə bəxş etdiyi bərəkətli torpaqları, zəngin meşələri, büllur bulaqları, çayları, dağları, dərələri və nəhayət gözəl, nəcib, müdrik insanları əhatə edir. Bizim Birlik borçalılar arasında körpü olan kimi, borçalılar özləri də Azərbaycan və gürcü xalqıarı arasında sarsılmaz bir körpüdür. Bu körpünün dayaqları olan sizin hər birinizə mətinlik, əyilməzlik, uzunömürlük arzu edirəm! Bu müqəddəs işimizdə hamımıza uğurlar diləyirəm!
Sonra səsvermə olub. Səsvermə nəticəsində, 1 nəfər bitərəf olmaqla, Şərif Kərimli 2 illik dönəmə “Borcalı” İctimai Birliyinin sədri seçilib. Yığıncaqda digər təşkilati işlərə də baxılıb. Asif Hacıyev, Cümşüd İbrahimli, Dəyanət Osmanlı, Azadə-Taleh Abbas qızı,Razim Məmmədli, Vahid Ömərli, Rəşid Faxralı, Pünhan Əfəndiyev, Ziyadxan Budaqov, Teymur İlyaslıdan ibarət İdarə Heyətinin üzvləri müəyyənləşib.
Tədbir iştirakçıları Dəyanət Osmanlını Birliyin sədr müavini seçiblər.
Teymur İlyasov Ağsaqqallar Şurasının, Azadə-Taleh Abbas qızı Qadınlar Şurasının, Dilsuz Musayev Nəzarət-Təftiş Komissiyasının, Roman Darvazlı isə Gənclər Şurasının sədri seçiliblər.