Bakıda 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı keçirilir. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, artıq 23 ildir regionun ən vacib İKT hadisələrindən olan “Bakutel” sərgisi bu sahənin adamlarını bir araya toplyaır:
“Sərgi-konfransı müxtəlif ölkələri əhatə edən dövlət və ictimai xadimləri, aparıcı biznes rəhbərlərinin ənənəvi görüş yeridir. Burada İKT sektorun nümayəndələri qlobal əhəmiyyətli layihələri, gələcək inkişaf prespektivləri haqqında müzakirələr aparır, qərarlar qəbul edirlər. Həmçinin, “Bakutel” yeni texnologiyalar üçün maraqlı məkandır. Sərgidə şirkətlərlə yanaşı, startaplar da yeni layihələri təqdim edirlər. Bu, onların investor tapması üçün yeni şansdır. Sərgi təcrübə mübadiləsinin genişləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilən yeni inkişaf strategiyası digər sahələr kimi, informasiya texnologiyaları sahəsində də yeni hədəflərə doğru inkişafa yol açır”.
Nazir bildirib ki, bu gün nəqliyyat və informasiya texnologiyaları sahəsində Azərbaycan regional tranzit mərkəzinə çevrilməkdədir:
“Bu cür beynəxalq əhəmiyyət daşıyan transmilli layihələrdən biri də TASİM-dir. “Bakutel” çərçivəsində bu layihənin detallarının nazirlərlə müzakirə edəcəyik. Azərbaycan İKT potensialının gücləndilməsi baxımdan əhəmiyyətli işlər görür”.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stroon qeyd edib ki, builki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır: “Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
Tədbir iştirakçılarının 40 faizini "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizi civarındadır. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər var”.
Dekabrın 8-dək davam edəcək sərgi ilə əlaqədar olaraq “Yüksək Texnologiyalar Həftəsi” nə start verilib. “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.
Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri nümayiş etdiriblər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, "Elektron hökumət" və "Elektron imza" infrastrukturu, "Data Mərkəzi"n "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr də iştirakçılara təqdim edilib.
Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunacaq. Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən "Spinal" qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün "Tabletka.az" tətbiqi, Azərbaycanda ilk və yeganə ekoloji təmiz "VeloKuryer" kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan "Wand" qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan "İRS Cizgi" komandasının məhsulları yer alır.