Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabadda

16:55 - 4 Dekabr 2017 - Xəbər

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər.


Ucnoqta.az  “Qafqazinfo”ya daxil olan məlumata istinadən bildirir ki, Fondun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zamanda istifadəyə veriləcəyini deyib. 

Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. Anar Ələkbərov Heydər Əliyev Fondunun hər zaman gənclərə müxtəlif layihələr çərçivəsində dəstək verdiyini qeyd edib. O, Fondun "Regional İnkişaf" İctimai Birliyinin fəaliyyəti və qurumun həyata keçirdiyi layihələrdə gənclərin rolu barədə danışıb. 

Anar Ələkbərov Heydər Əliyev Fondunun dəstəyi ilə müğam müsabiqələrinin təşkil edildiyini bildirərək istedadlı gəncləri həm bu layihə, həm də rəssamlıq, heykəltəraşlıq və incəsənətin digər növləri üzrə layihələrdə fəal iştirak etməyə, gəncləri maraqlı və region üçün vacib olan ideyalar ətrafında birləşməyə çağırıb. 

Qeyd edək ki, əhali ilə daha sıx ünsiyyətdə olmaq məqsədi ilə "Reginal İnkişaf" İctimai Birliyinin regional nümayəndəlikləri yaradılıb. Hazırda RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax və Yuxarı Qarabağ regionlarında nümayəndəlikləri fəaliyyət göstərir. Cəlilabad rayonu Lənkəran regional nümayəndəliyə daxildir. Nümayəndələr Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.
 


Xəbər xətti