Türkiyə “sərbəst viza” prosesini sürətləndirəcək

23:15 - 3 Dekabr 2017 - DÜNYA

Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini asanlaşdıracaq “sərbəst viza” prosesini sürətləndirməsi qərara alınıb.

 

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunun üçün tələb olunan 7 kriteriyanın yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müəyyənləşdirilib.

 

Bu addımlar xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa İşləri üzrə nazir Ömər Çəlik, ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunun qatıldıqları yığıncaqda təsdiq olunub.

 

Nazirlər Avropa İttifaqına təqdim olunacaq olan mövqe sənədi ilə əlaqədar ortaq qərar qəbul ediblər. Sözügedən mövqe sənədi prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqinə təqdim olunacaq.

 

Ərdoğan sənədi təsdiqləyəcəyi təqdirdə xarici işlər naziri Çavuşoğlu mövqe sənədini dekabrın 12-də Aİ Xarici İşlər Nazirləri Toplantısında təqdim edəcək.

 

Qeyd edək ki, ən ağır kriteriya terrorizmlə mübarizəyə dair qanun dəyişikliyidir. Biometrik pasport, “Avropol” ilə operativ əməkdaşlıq müqaviləsi də tələb olunan kriteriyalar arasındadır.

Xəbər xətti