Noyabrın 30-da İndoneziya hökuməti Bali adasındakı beynəlxalq aeroportun fəaliyyətini bərpa edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, küləyin istiqamətini dəyişməsi nəticəsində uçuşlara maneə yaradan vulkan külünün istiqaməti də dəyişib.
Xatırladaq ki, Bali adasının şimal-şərqində yerləşən Aqunq vulkanı noyabrın 21-də son 54 ildə ilk dəfə püskürüb. Nəticədə təqribən 4 min metr yüksəkliyə qalxan kül və tüstü hava nəqliyyatının hərəkətinə ciddi maneə yaradıb.
Hökumət nümayəndələrinin bildirdiyinə görə, hazırda küləyin istiqaməti ciddi müşahidə altındadır və vulkan külü uçuşlara maneə yaradacağı təqdirdə aeroport yenidən bağlana bilər.