Qafqaz almanları və şərab: Berlində unikal tədbir

00:05 - 29 Noyabr 2017 - Mədəniyyət

Tarixən çoxmillətli ölkə olan Azərbaycan öz tolerantlıq və multikulturalizm ənənələri ilə haqlı olaraq fəxr edir. Burada müxtəlif xalqların və konfessiyaların təmsilçiləri həmişə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda alman mühacirlər barədə xoş xatirələr bu günədək qorunub saxlanılıb.
 

Bu günlərdə isə Azərbaycanın alman icmasının tarixi barədə Berlində danışıblar. “Berlin-Bakı” Rəsm Qalereyasında Cənubi Qafqaz almanlarının tarixi və mədəni irsinə həsr olunmuş “Şərab mədəni sərvət kimi: fotosərgi və dequstasiya” adlı tədbir keçirilib. Qafqaza ilk alman mühacirlərinin gəlməsinin 200 illiyinə həsr olunmuş bu tədbir müəyyən qədər qeyri-standart formatda keçirilib. Berlin sakinlərinə Azərbaycan şərablarının və əla növ brendinin dequstasiyası ilə bərabər, tarixi fotosərgi təqdim olunub. Burada nümayiş etdirilən tarixi fotoşəkillər Azərbaycan almanlarının gündəlik həyatından və onların şərabçılıq ənənələrindən söz açıb. İstehsal prosesində hələ də alman şərabçılarının ənənələrindən istifadə olunan şərablar və brendi dequstasiya üçün sərginin qonaqlarına təqdim edilib.

Qalereyaya eksklüziv tarixi fotoşəkilləri Humboldt Universitetinin professoru, Qafqaz almanlarının tarixi üzrə ekspert Yeva-Mariya Aux təqdim edib. Xanım Aux özünün parlaq tarixi ekskursunda qonaqlara Rusiya İmperatriçəsi II Yekaterina tərəfindən Qafqaza dəvət edilmiş Şvab mühacirlərinin taleyindən, Azərbaycan şərabçılığının inkişafında onların oynadığı xüsusi roldan, habelə Qafqaz almanları tarixinin bəlkə də ən faciəli səhifəsindən - 1941-ci ildə Stalinin fərmanı onların zorla kütləvi deportasiyasında söz açıb.

Diqqətəlayiq haldır ki, dequstasiya üçün təqdim edilən şərablar məxsusi olaraq “regional” əlamət üzrə seçilib: axı bir vaxtlar “alman” şəhərləri sayılan Göygöl (Yelenendorf) və Şəmkir (Annenfeld) şəhərləri bu gün yenə də Azərbaycanın şərabçılıq mərkəzlərinə çevriliblər. Vaxtılə Mixail Qorbaçovun alkoqolizmə qarşı kampaniyası Azərbaycan şərabçılığına ciddi ziyan vurub, onu praktiki olaraq məhv edib. Bu gün, artıq SSRİ dağılandan sonra şərabçılıq ənənələri fəal sürətdə dirçəldilir, vaxtilə almanların məskunlaşdığı Azərbaycan regionlarında gedən bu proses alman və Azərbaycan xalqları arasında təşəkkül tapmış xüsusi tarixi münasibətlərin daha bir təzahürüdür. Ötən əsrin bir çox geosiyasi sarsıntılarına – Rusiya İmperiyasının çökməsinə, İkinci Dünya müharibəsinə və SSRİ-nin dağılmasına baxmayaraq, bu əlaqələr qorunub saxlanılıb.

Şərabların və brendinin dequstasiyası ilə müşayiət olunan tarixi fotosərgi Almaniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Tanınmış Berlin somelyeləri, şərabçıları, biznesmenləri, qastronomiya sahəsinin bloqerləri, Berlin əyalət parlamentinin əməkdaşları, Baden-Vürtemberq əyalətinin Berlin nümayəndəliyinin işçiləri, Almaniya və Azərbaycan diplomatları, jurnalistlər, o cümlədən “Tagesspiegel” nəşrinin nümayəndələri, kitab nəşriyyatlarının təmsilçiləri və turizm sahəsinin əməkdaşları bu sərginin qonağı olublar. Əslən Bakıdan olan tanınmış biznesmen, Rusiya mənşəli “WayRay” İsveçrə innovativ startapının banisi Vitali Ponomaryov tədbirin qonağı sifətilə iştirak edib. Qonaqlar Göygölün “Xan” zavodunun və Şəmkirin “Şərq ulduzu” zavodunun məhsulları ilə tanış olublar.

Dequstatorlar qırmızı şəraba və aftoxton üzüm sortlarına, ilk növbədə “Mədrəsə” sortuna xüsusi maraq göstəriblər. Avropa Somelye Məktəbinin Berlin filialının başçısı Umberto Zuqaronun fikrincə, Azərbaycanın qırmızı şərablarının hətta yeni məhsullara son dərəcə şübhə ilə yanaşan Almaniya şərab bazarında da rəqabətədavamlı məhsul kimi özünü təsdiq etmək üçün real şansı var. Berlinli şərab eksperti, “Delicious Berlin” şərab mağazasının sahibi Sebastyan Qollas da eyni fikirdədir. Şərab sahəsində populyar olan “Weinpilot-Berlin” onlayn-platformanın rəhbəri Batin Mumdşu da sərgi-dequstasiyaya gələrək, Azərbaycan şərablarının istehsalı prosesi ilə daha yaxından tanış olmağa maraq göstərib.

Tədbirin sonunda qonaqlara “Qarabağ” adlı 30 illik brendi təklif edilib. Brendi almaniyalı dequstatorlarda yalnız müsbət rəy doğurub. Onların fikrincə, şərablarla bərabər, Azərbaycan brendisi də Almaniya bazarında yaxşı perspektivlərə malikdir. Onilliklər boyu Azərbaycanın şərabçılıq rayonlarında yanaşı yaşamış və çiyin-çiyinə çalışmış almanlarla azərbaycanlılar arasında tarixi əlaqələr Almaniyada Azərbaycan şərabçılarının məhsulları üçün bir növ “vizit kartı” ola bilər.


Xəbər xətti