“Festivalda keçirilən oyunda iştirak etdim və pulsuz “hot dog” və şirə qazandım”

21:55 - 28 Noyabr 2017 - Xəbər

Gültən Nərimanova: “ Düşünürəm ki, bu festivalda iştirak etməyimiz bizim tələbəlik illərimiz üçün çox gözəl bir xatirə olacaq”


 Azərbaycanın paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” adlı irimiqyaslı yemək festivalı keçirilib. Biz də bu festivalın iştirakçısı olduq və məmnun qaldıq. Festivalda qonaqları bütün mümkün yemək çeşidləri, içkiləri, hərarətli musiqi ilə təəccübləndirmək üçün 20-dən çox restoran və kafe, çoxsaylı kulinarlar iştirak edirdilər. Eyni zamanda restoranlar tərəfindən maraqlı oyunlar keçirilir və qalib gələnlərə yeməklər və içkilər hədiyyə olunurdu. Bir sözlə gənclər və iştirakçılar festivalda istədikləri əyləncələri seçmək imkanına malik idilər.Biz də yaxınlaşıb onıların maraqlarını öyrəndik...


 Festival iştirakçılarından olan Gültən Nərimanova birinci kurs tələbəsidir və öz qrup yoldaşları ilə birlikdə yemək festivalına gəlib. O deyir ki, yemək festivalı haqqında internetdə məlumat əldə edib: “Festivalın adının şirin olması daha çox marağımıza səbəb oldu. Və qrup yoldaşlarımla iştirak etmək qərarına gəldik. Çox maraqlı və əyləncəlidir, mən burada keçirilən oyunda iştirak etdim və pulsuz “hot dog” və şirə qazandım. Düşünürəm ki, bu festivalda iştirak etməyimiz bizim tələbəlik illərimiz üçün çox gözəl bir xatirə olacaq”. 
Festivalı gəzdikcə bir-birindən maraqlı stendlərlə qarşılaşdıq. Diqqətimizi ən çox “Tez Chick” adlı “fast food” məkanı çəkdi. Bu məkanı iki bacı - Sain və Ləman Mənsimzadələr yaradıblar. Belə ki, onların özləri “fast food” hazırlayır və müştərilərə təqdim edirdilər. Sain deyir ki, bacısı ilə birlikdə bu işə startap kimi başlayıblar: “Biz üç ay öncə bu məkanı yaratdıq və festivalda iştirak etmək qərarına gəldik. “Fast food”ları ancaq halal toyuğun döş tikələrindən hazırlayırıq. Müştərilərin yedikləri ətin keyfiyyətli və təzə olduqlarını bilsinlər və arxayın olsunlar deyə yeməkləri onların gözləri qarşısında hazırlayır və təklif edirik. Biz bacılar hər şeyin keyfiyyətinə zəmanət veririk. Bizim özəlliklərimizdən biri də hazırladığımız sousdur. Bu sous heç yerdə yoxdur, ancaq bizdədir. Bu sousu müştərilər çox sevirlər və heç kimə reseptini vermirik. Bizim əsas məqsədimiz onu Azərbaycan “fast food”u kimi tanıtmaqdır. Bütün sosial şəbəkələrdə onu “orqanik fas food” kimi qeyd edirik. İstifadə etdiyimiz məhsulları isə güvəndiyimiz, tanıdığımız adamlardan alırıq.  Qiymətlərimiz də münasibdir, tələbələr və pensiyaçılara güzəştlər nəzərdə tutmuşşuq. Onlar üçün həmişə istənilən məhsula 20 faiz endirim var. Dadına baxmaq üçün testerlərimiz olur və maraqlanan insanlar məhsulumuzdan təklif edirik”. 


 Digər bir stenddə isə fransız mətbəxinə məxsus şirniyyatlar nümayiş olunurdu. Entree kafe-restoranlar şəbəkəsinin administratoru Vəliyev Səfər dedi ki, festival şəhərin mərkəzində təşkil olunduğu üçün qonaqların əksəriyyətini turistlər təşkil edir: “Onların arasında ərəblər, çinlilər  və Bakıda yaşayan rusdilli əhali çoxluq təşkil edir. Sərgidə nümayiş olunan hər  bir məhsul və avadanlığa müştərilər tərəfindən maraq var. Bizim məhsullar fransız mətbəxinə aiddir. Bakıda “Entree” adı gələndə bizim restoran özünün mayasız çörəkləri, kruasanları və şirniyyatları ilə yada düşür. Restoranımızın əsas  özəllikləri də var. Digər restoranlarda biznes lanç  mövcuddursa, bizim restoranlarda 1-5-ci günlər saat 11-ə kimi, şənbə və bazar günləri isə saat 12-ə qədər sərfəli qiymətə səhər yeməyi- “breakfast time” təklif olunur”.
Başqa bir stentdə Ukrayna mətbəxinə məxsus yeməklər və bişmələr nümayiş olunurdu. Kafenin nümayəndəsi bildirdi ki, məkanın sahibi Aliyeva Lidya 10 il əvvəl Ukraynadan Azərbaycana gəlib və hazırda burada yaşayır: “O, öz nənəsindən öyrəndiyi Ukrayna milli mətbəxinə məxsus yeməklərə  görə, müştərilərin məmnunluğunu görəndə bu işə girdiyinə görə sevinir. Yeməklər və bişmələri  nənəsindən öyrəndiyi kimi, elə həmin qaydada burada bişirilir və müştərilərə təqdim olunur. Borş, mürəbbələr, pirojkilər, blinçiklər və s. bir çox növlər var ki, onların həm burada, həm də restoranımızda dadına baxa bilərsiniz”. 


 Daha sonra “St travel Agency”-nin stendinə yaxınlaşdıq. Şirkətin nümayəndəsi Əlizadə Rəcəb Cavidoğlu dedi ki, təmsil etdiyi şirkət uzun müddətdir ki, fəaliyyət göstərir. Azərbaycan və Bakıda, əsasən də Abşeronda turlar keçiririk: “Festivala qoşulmağımızın da əsas səbəbi odur ki, insanlar bizi daha yaxından tanısın və endirimli tur paketlərimizdən yararlansınlar. Tur paketlərimiz- Qəbələ, Şahdağ(15 dekabrdan fəaliyyət göstərəcək), İsmayıllı - Lahıc, Şamaxı, Şəki, Gəncə və Bakı ərazisində Yanardağ, Atəşgah, Qobustan, Palçıq vulkanına təşkil olunur. Festivalla əlaqədar olaraq biz bəzi turların qiymətində endirimlər etmişik. Bizim xidmətlərimiz çoxdur, belə ki biz müştərilərə bələdçi və fotoqraf təklif edirik”. 


Könül Əhmədova


Xəbər xətti