Erkən doğulan körpələrin sayı artır

21:18 - 28 Noyabr 2017 - Cəmiyyət

“Səbəblərdən biri süni mayalanma və çoxdöllü hamiləliklərin sayının artmasıdır”


 "Hər il Azərbaycanda, təqribən, 150 min körpə doğulur. Onun 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur". Bunu Səhiyyə Nazirliyinin baş neanotoloqu, Neanotoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanda ekstremal - 500 qram – 1 kiloqram çəki ilə doğulan uşaqların 50 faizindən çoxu yaşayır: "Azərbaycanda uşaqların vaxtından əvvəl doğulması ilə bağlı problemlər həll olunur. Belə uşaqların sağ qalma faizi ildən-ilə yüksəlir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 75-85 fazidir. Biz də inkişaf etmiş dövlətlərdə olduğu kimi, bu rəqəmə çatdırmaq istəyirik. Biz bu hədəfə nail ola bilərik".
R.Hüseynov bildirib ki, Vaxtından əvvəl Doğulan Uşaqların Beynəlxalq Günü 2009-cu ildə ilk dəfə Vyana şəhərində qeyd olunub. Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu uşaqlara cəlb etməkdir. R.Hüseynov bildirib ki, uşaqların vaxtından əvvəl doğulması bütün dünyada rast gəlinən problemdir: "Dünyada hər il 15 milyon uşaq vaxtından əvvəl doğulur. Təəssüf ki, onların bir milyonu dünyaya gəldikləri ilk gündə ölür”.


Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən uzman cərrah-ginekoloq Nərmin Qəribova bildirdi ki, 20-ci hamiləlik həftəsindən başlayaraq 37-ci hamiləlik həftəsinə qədər olan doğuşlar erkən doğuş adlandırılır. Bütün hamiləliklərin təxminən 8-10 faizi erkən doğuş ilə nəticələnir: “Erkən doğuşların olma səbəbləri çox müxtəlifdir. Bunlar bəzən  döllə bağlı olan, yəni, uşaqla əlaqəli olan səbəblər, bəzən isə ananın özündə hamiləliklə yanaşı gedən problemlərdən qaynaqlana bilir. Müasir dövrdə erkən doğuşların sayının artmasındakı ən önəmli səbəblərdən biri köməkçi çoxalma vasitələri, xüsusilə də süni mayalanma proseduralarının və buna bağlı olaraq çoxdöllü hamiləliklərin sayının artmasıdır. Təbii ki, çoxdöllü hamiləlikdə erkən doğum riski hər zaman normal təkli hamiləliklərə görə yüksəkdir. Bununla yanaşı, hamiləliyin diabeti adlandırılan gestasional diabet probleminin son dönəmlərdə daha sıx olması və bununla bağlı polihidramnioz (dölyanı mayenin normadan çox olması), uşaqlığın normaldan artıq gərilməsi ilə bağlı olan erkən doğumlardır. Eyni zamanda, keysəriyyə doğuş sayının artması və buna bağlı olaraq çiftin yerləşmə anomaliyası (uşaqlıq boyunun önündə yerləşməsi) yaxud da akreata (uşaqlıq divarına yapışması) kimi patologiyaların sayının artması ilə bağlı olaraq erkən doğuş riskində də artımlar görünməkdədir”. 


N.Qəribova qeyd etdi ki, erkən doğuş olacağını əvvəlcədən müəyyənləşdirmək təxmini olaraq mümkündür. Erkən doğuş üçün ən önəmli risk faktoru daha öncədən qadının erkən doğuş etmiş olmasıdır: “Yəni, bir qadının ilk hamiləliyi erkən doğuşla nəticələnibsə, növbəti hamiləlikdə bunun yenə təkrarlanması ehtimalı 20-50 faizə bərabərdir. Bundan başqa, çoxdöllü hamiləliklər, dölyanı mayenin çox olması, uşaqlıq boyunun yetməzliyi ilə (ananın anadangəlmə fiziolojik quruluşu ilə yaxud da sonradan keçirilmiş travma ilə) əlaqədar ola bilər. Yaxud da, uşaqlığa aid olan patologiyalar - anomaliyalar yaxud da mioma bağlı ola bilər. Eyni zamanda, ananın yanaşı gedən xəstəlikləri- preeklampsiya, yaxud da hamiləliyin yüksək təzyiqi, ürək-damar, böyrək xəstəlikləri, döldə olan qüsurlarla bağlı olan erkən doğuşlar baş verə bilir. Bunlar arasında infeksiyalar da önəmli rola sahibdir. Xüsusən də, hamiləlikdə vaginal infeksiyalarda erkən doğuş riski artıb”. 
Uzman cərrah-ginekoloq dedi ki, ultrasəs müayinəsi şüa deyil, səs dalğası prinsipi ilə işləyən bir müayinə üsuludur və dölün yetişkənliyində hər hansı bir təsirə malik deyil. N.Qəribovanın sözlərinə görə, vaxtında doğulan uşaqla vaxtından əvvəl doğulan uşaq arasında bir çox fərq var: “Bunlardan ən önəmlisi doğuşun hansı həftədə baş verməsidir. Təbii ki, erkən doğuş uşağın daha az bir çəkidə, yəni normal həftəsində olacaq çəkinin tamamlanmadan doğulması deməkdir. Burada sadəcə çəki problemi deyil, bir çox orqan sistemlərində problemlər mövcuddur. Xüsusilədə yarımçıq doğulmuş uşaqlarda ağciyər sistemində olan problemləri vurğulamaq vacibdir. Ağciyərin yetişkənlik dərəcəsinin tamamlanması ilə bağlı olaraq daha çox erkən doğulmuşlarda ağciyərlə bağlı tənəffüs problemləri, respirator distress sindromu, mədə-bağırsaq sisteminin tam formalaşmaması ilə bağlı müəyyən problemlər ortaya çıxır. Eləcə də bədənin temperaturunun saxlanmasında yaranan problemlərlə bağlı bir çox hallar görünməkdədir. Beyin qan dövranı, qan-damar sistemi tamamilə formalaşmadığı üçün vaxtından əvvəl doğulmuşlarda beyindaxili qanama riski yüksəkdir. Təbii ki, vaxtından əvvəl doğulan uşaqların küveyzdə qalma ehtimalı hər zaman daha çoxdur”. 

 Həkimin fikrincə, valideynlərin əksəriyyəti hesab edir ki, vaxtından əvvəl doğulmuş uşaqların əsas problemi onların çəkisinin az olmasıdır: “Burada çəkinin önəmli faktor olmasına baxmayaraq, əsas problem vaxtından qabaq doğulmuş uşaqlarda dediyimiz kimi, ağciyər-tənəffüs sistemində, ürək-damar və həzm sisteminin natamam inkişafı ilə əlaqədardır. Xüsusən də, vaxtından əvvəl doğulmuşlarda ağciyərdə alveolların daxili səthini örtən və onların divarlarının yapışmasına imkan verməyən maddə sintezinin tamamlanmamış olması və buna bağlı olaraq tənəffüs sitemində yaranan problemlər mühüm əhəmiyyət kəsb edir. Təbii ki, nəfəsalmada problem yaranan uşaqlar mütləq oksigen dəstəyi olması üçün küveyz şəraitində saxlanmalıdır. Əmmə refleksi vaxtından qabaq doğulan uşaqlarda vaxtında doğulan uşaqlara görə daha az olmaqda və buna görə də ana südü ilə qidalanmada problemlər yarana bilməkdədir. Çox erkən doğulan vaxtından əvvəl doğulmuşlarda görmə (retinopatiya) və eşitmə sistemi ilə bağlı olan problemlər irəliləyən həftələrdə uşaq böyüdükcə özünü büruzə verir”. 
N.Qəribova dedi ki, döldə qalıcı qüsurların olması problemi dölün neçənci həftədə doğulması ilə bağlıdır: “Çox vaxtından erkən doğulmuş erkən doğuşlarda əgər beyin qanaması olubsa bununla bağlı hər hansı qalıcı qüsurlar ola bilər. Retinopatiya halları bəzən vaxtında müdaxilə edilməzsə korluğa və görmə pozğunluqlarına gətirib çıxara bilər. Yəni, daha çox yeni doğulanda problemlərin birlikdə və yanaşı olması qalıcı fəsad törətmədə ən önəmli faktordur”. 
Uzman cərrah-ginekoloq sonda bildirdi ki, erkən doğulmuşların bədən çəkisinin və immunitetinin azlığına bağlı olaraq ən önəmli problemlərdən biri də onlarda infeksiya ehtimalının yüksək olmasıdır.


Könül Əhmədova

Xəbər xətti