Elnur Rüstəmov: “Qadın birbaşa fiziki şiddət göstərmir, sadəcə qorunmaq üçün şiddət göstərmək məcburiyyətində qalır”
Xəyal Bəşirov: “Qarşı tərəfin iradəsinə zidd hərəkət olduqda məsuliyyət yaranır və zorakılığa məruz qalan hər bir şəxsin hüquqları qanunla qorunur”
Statistik rəqəmlərə görə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir. 2016-cı ildə isə ölkəmizdə 897 məişət zorakılığı ilə bağlı cinayət faktı qeydə alınıb. Nəticədə 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb. Məişət zorakılığına məruz qalanlardan 102-si kişidir. Göründüyü kimi zorakılığa yalnız qadınlar deyil, kişilər də məruz qalar. Bu səbəbdən də kişilərin zorakılığa məruz qalması məsələsi də son vaxtlar gündəmə gəlir. Bəs burada zorakılıq deyəndə nə nəzərdə tutulur? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə bildirib ki, Azərbaycanda kişilər daha çox psixoloji zorakılığa məruz qalırlar: “Düzdür, statistikaya görə, fiziki zorakılığa məruz qalan kişilər də var. Bəzən ahıl kişilər öz gəlini, həyat yoldaşı, hətta nəvəsi tərəfindən də fiziki zorakılığa məruz qalır. Həmin yaşlarda onlar fiziki cəhətdən özlərini qoruya bilmir, yaxud sağlamlıq imkanları məhdud olur. Bu səbəbdən zorakılıqla qarşılaşa bilirlər. Lakin fiziki zorakılıqla bağlı bəzi nüanslar var. Məsələn, kişilərdən öncə qadınlar fiziki zorakılıqla qarşılaşa və buna dözməyərək özünü müdafiəyə keçə bilər. Zorakılıqla bağlı 300-ə yaxın qadın həbsdədir. Onların demək olar ki, yarısı əvvəllər kişilər tərəfindən zorakılığa məruz qalanlardır. Bu kimi halları da unutmaq lazım deyil. Bu il ərzində cinsi zorakılığa məruz qalan kişilərlə bağlı bizə müraciət daxil olmayıb. Ümumiyyətlə, bu tip hallar cinayət əməlidir və bununla hüquq-mühafizə orqanları dərhal məşğul olur.
Amma zorakılığın iqtisadi və psixoloji tərəfləri də var. Burada yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan söhbət getmir. Kişilər bəzən birgə yaşadığı şəxslərin, həyat yoldaşının qohumlarının zorakılığı ilə qarşılaşır. Təcrübədə belə hallarla rastlaşmışıq. Eyni zamanda, qadınların bir məsələ ilə bağlı kişilərin üstünə həddindən artıq getməsini, onun iqtisadi vəziyyəti ilə əlaqəli təzyiqini müşahidə edə bilirik”.
T.Hüseynzadə qeyd edib ki, Azərbaycanda kişilərə qarşı zorakılıq faktları gizlədilir: “Halbuki, zorakılıqla bağlı məlumat verilsə-xüsusilə psixoloji tərəfləri ilə bağlı-bu barədə mütəxəssislərlə danışıb məsələni aradan qaldırmaq olar. Təəssüf ki, xalqın adət-ənənəsi və ya mentalitetdən irəli gələrək bu hallar gizlədilir. Bu baxımdan kişilər üçün sığınacaqla bağlı mərkəzlərimizdə mütəxəssislər tərəfindən söhbətlər aparılsa da, hələ ki Azərbaycanda xüsusi sığınacaqlar nəzərdə tutulmayıb. Sığınacaqlar ümumi olaraq məişət zorakılığının qurbanları üçün çox az da olsa, var. Amma bunu kişi və ya qadın olaraq ayırmırıq.
Əgər sırf kişilər üçün sığınacaq mərkəzi ayrılsa, qeyd etdiyim kişi mentalitetimizə uyğun olaraq müraciət edənlərin sayı kifayət qədər az olar”.
Onun sözlərinə görə, zorakılıqla bağlı kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktlarla bağlı statistika aparılmır: “Digər ölkələrlə müqayisədə Azərbaycanda bu cür hallar çox azdır. Buna baxmayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq maarifləndirmə tədbirləri zamanı bu məsələləri vurğulayırıq. Düzdür, məişət zorakılığına məruz qalan kişilərlə bağlı xüsusi tədbirlər keçirilmir. Amma tədbirlərimizdə, həm qadınları, həm də kişiləri ayrı-ayrılıqda qeyd edirik”.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, zorakılığın müxtəlif növləri var - psixoloji, hüquqi, seksual, iqtisadi zorakılıq və s. Bunlar hamısı bir-birindən fərqlənir: “Sadəcə bizim üçün dünənə qədər prioritet olan məsələ fiziki zorakılıq, yəni ailələrdə konkret olaraq kişilər tərəfindən qadınlara şiddətin göstərilməsi idi. Bunun fonunda da digər zorakılıqlar arxa plana keçirdi. Məsələn, boşanma ərəfəsində uşağın verilməməsi hüquqi zorakılıqdır, bunun tərkibində eyni zamanda psixoloji zorakılıq da var. İqtisadi zorakılıqda isə qarşı tərəfə deyilir ki, sənin iqtisadi tələbatlarını ödəməyəcəm, pul verməyəcəm və s. Yəni, bu gün ailələrdə müxtəlif cür zorakılıq hallarına rast gəlinir”.
Psixoloq bildirdi ki, əgər söhbət fiziki zorakılıqdan gedirsə, əvvəlki dövrlə müqayisədə qadınlar tərəfindən kişilərə qarşı şiddət var: “Lakin burada bir şey xüsusilə nəzərə alınmalıdır. Qadın birbaşa fiziki şiddət göstərmir, sadəcə qorunmaq üçün şiddət göstərmək məcburiyyətində qalır. Tutaq ki, hansısa bədbəxt hadisə olanda deyirlər ki, qadın kişiyə xəsarət yetirdi. Xeyr, əslində o qadın kişiyə xəsarət yetirmək üçün yox, özünü qorumaq üçün bu hərəkəti edir. Üç dəfə kişi vuranda bir dəfə də qadın vurur, çünki qadınlar fiziki zorakılığa meyilli deyillər, hətta bunu sevməzlər. Lakin zorakılıq kişilərin təbiətindədir. Misal üçün, kişilər daha çox ov ovlamağı, quş quşlamağı sevirlər. Amma bu cür işlər qadınlar üçün maraqsızdır, çünki bu qadınların təbiətində yoxdur”.
E.Rüstəmovun sözlərinə görə, bəzən qoca kişilər öz övladları, gəlini və yaxınları tərəfindən fiziki zorakılığa məruz qalırlar. Burada bəzən kişilər özləri onlara əl qaldırılmasına şərait yaradırlar: “Çünki söz və hərəkətləri ilə təhqir edir, qadının qüruruna toxunur, xoşagəlməyən ifadələr işlədirlər. Və burada qadın məcbur qalır. Deyək ki, ana uşağına şiddət göstərə bilər, amma o da bunu istəyərək yox, çarəsizlikdən edir. Ana şiddət göstərsə də, digər tərəfdən uşağının başını tumarlayacaq. Bəzən ağsaqqal adam elə bir hərəkət, yaxud davranış sərgiləyir ki, qarşısındakı insan özündən asılı olmayaraq affekt vəziyyətə düşür və hərəkətlərini kontrol edə bilmir”.
Ənənəvi olaraq bizdə ailələrin “güclü-zəif” prinsipi əsasında qurulduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, ailədə uzun əsrlər boyu güclü olan kişi, zəif tərəf isə qadınlar olub: “Daha uğurlu ailələrdə bu “güclü” ilə ” zəifin” ahəngi, harmoniyası yaranırdı. Bu ahəng pozulduqca daha güclü tərəf öz hegemonluğunu ortaya qoyurdu. Əvvəllər əksər hallarda bir qayda olaraq güclü tərəf kişilər idi. İndi cəmiyyət dəyişib. Təəssüf ki, ailələrdə də bu ahəng pozulub. Əksər ailələrdə gərginlik yaşanıb. İndi ta 30 il bundan qabaqda olduğu kimi yalnız kişilər güclü tərəf deyil. Evə gətirilən qazanc, mühitin verdiyi imtiyazlar, üstünlük verilən dəyərlər və s. qadın tərəfində də güclülərin yaranmasına, çoxalmasına şərait yaradıb. Ona görə də gərginlik yaşanan ailələrdə güclü tərəf qadınlardırsa o zaman kişilər zorakılığa məruz qalır. Təəssüf ki, yaxın illərdə bu hal davam edəcək”. Sosioloq hesab edir ki, ailədə məişət zorakılığını azaltmaq məqsədilə cəmiyyətimizdə mənəvi dəyərlərin mövqeyini möhkəmlətməyə ehtiyac var: “Hansı cəmiyyətdə ki, maddi dəyərlər mənəvi dəyərləri təzyiq altında saxlayır, o cəmiyyətdə ümumən, xüsusi ilə də ailələrdə gərginliyin yaranması qaçılmaz haldır. Bu, sosioloji qanundur. Eyni zamanda TV-lərdə tez-tez nümunəvi ailələr barədə də ətraflı, əhatəli məlumatlar verilməlidir. Yoxsa indiki zamanda, əhali televiziyada ancaq problemli, kriminal ailələr haqda eşidir. Bu, gənclərdə ailə barədə səhv təsəvvür yaradır. İnsanlar başa düşməlidir ki, ailədə gərginlik yarandıqca onların həyatının müxtəlif sahələrində də problemlərin çoxalması qaçılmaz haldır. Eyni zamanda çalışmaq lazımdır ki, ailələr əsasən mənəvi dəyərlər əsasında qurulsun, bunun üçün orta məktəbdə, ali məktəblərdə gənclər arasında ciddi maarifləndirmə işi aparılmalıdır. Ölkədə iş yerlərinin sürətlə artmasına çalışmaq lazımdır”. Bütün şərq, islam, türk mədəniyyət sistemlərində hər zaman ”kişi” amilinin xüsusi önəm daşıdığını deyən sosioloq hesab edir ki, indi min illər boyu formalaşan mədəniyyət sistemimizi dəyişsək, dağıdıcı fəsadlar yaranar: “Biz artıq bu əlamətləri hiss etməkdəyik. Qərbi sadəcə yamsılamaq bizi məhv edər. Amma biz daha mükəmməl ailə modelləri yaratmalıyıq. Bu elə bir model olmalıdır ki, orada ənənəvi, müsbət ailə dəyərləri qalsın. Amma eyni zamanda, müasir tələbləri nəzərə ala bilən ahəngdar bir mühit yaradılsın”.
Hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə bütün vətəndaşlar cinsindən, statusundan və mövqeyindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər: “Kişi yaxud qadın olmasının fərqi yoxdur. Qarşı tərəfin iradəsinə zidd hərəkət olduqda məsuliyyət yaranır və zorakılığa məruz qalan hər bir şəxsin hüquqları qanunla qorunur. Gender bərabərliyi haqqında qanunda göstərilir ki, kişi və qadının qanun qarşısında hüquqları bərabərdir. Kişilərə qarşı hüquqa və qanuna zidd əməllərə yol verən şəxslər Azərbaycan respublikası qanunvericiliyi ilə cinayət məsuliyyəti daşıyırlar. Əgər həmin şəxslərin əməllərində cinayət tərkibi sübuta yetirlərsə, həmin şəxslər barəsində cinayət məsuliyyəti yaranır. Məsələn, cinsi zorakılıq, işgəncə vermə, soyğunçuluq və s. kimi cinayətlər baş verə bilər. Yəni, onlar cinayət məcəlləsinə uyğun olaraq hansı zorakılığa yol veriblərsə, həmin zorakılığa müvafiq məsuliyyətə cəlb olunurlar”.
X.Bəşirov qeyd etdi ki, həqiqətən də bizim qanunvericiliyimiz çox mükəmməldir, burada insanların bütün hüquqları qorunur: “Qanunvericiliyə zidd olan bütün əməllərə münasibətdə məsuliyyət nəzərdə tutulur. Artıq döymək cinayət məsuliyyətindən çıxarılıb, inzibati məsuliyyət daşıyır”.
Könül Əhmədova