Ötən həftə Los-Ancelesdə Ümumdünya Hayestan Fondu növbəti telemarafon keçirərək 12,5 milyon dollar vəsait toplayıb Ermənistana yardım edib.
Hər il keçirilən telemarafona qoşulanların sayı ilə yanaşı, yığılan məbləğ də azalır və bu da Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Misal üçün, ötən il 15,5 milyon dollar vəsait toplanıb və bu da cari il toplanan vəsaitdən azdır.
Erməni politoloq Manvel Sarkisyan yerli mətbuata müsahibəsində telemarafon iştirakçılarının və toplanan vəsaitin ildən-ilə azalmasını təbii hesab edir. O qeyd edir ki, 20 il ərzində keçirilən telemarafonlarda 330 milyon dollardan çox pul toplanaraq Ermənistana verilib. Lakin bu pullar təyinatı üzrə xərclənmir. Dünyanın varlı erməniləri milyonlarla dolları toplayıb erməni xalqının güzəranının yaxşılaşması üçün verirlər. Lakin Ermənistan hökuməti yardım kimi toplanan pulları mənimsəyir.
Politoloq bildirib ki, bu gün Ermənistanda elə rayonlar var ki, oradakı insanlar çar Rusiyasi dövründə tikilən binalarda yaşayırlar. Ermənistan kəndlərinin bir çoxunun yolu, məktəbi, tibb məntəqəsi yoxdur. Politoloq qeyd edib ki, əgər kəndlərdə yol yoxdursa, ehtiyac içində olan insanlara yardım edilmirsə onda telemarafonda bu problemlərin aradan qaldırılması üçün toplanan vəsait hara xərclənir? M.Sarkisyan özü də suala cavab verərək bildirib ki, yardım məqsədilə yığılan pullar Ermənistan hakimiyyətinin nümayəndələri tərəfindən mənimsənilir. Bunu görən dünya erməniləri isə telemarafona qoşulmaqdan imtina edir və Ermənistana daha yardım etmək istəmirlər. Ona görə də telemarafon zamanı toplanan pulun məbləği getdikcə azalır.
Politoloq keçmiş prezident Robert Köçəryanın və hazırkı prezidentin qardaşı Saşik Sarkisyanın çox imkanlı biznesmen olduqlarını bildirərək onların fonda pul köçürməmələrini xatırladır və bunun təəccüblü olduğunu qeyd edir. Nəzərə çatdırır ki, 20 il ərzində toplanan pullar hesabına bir kilometr yol çəkilməyib, bir məktəb tikilməyib.