“Gürcüstan hökuməti ölkə ərazisindən keçən bütün magistral yolları əsaslı təmir etmək üçün milyard dollarla vəsait xərcləyir”.
Ucnoqta.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Georgi Kvirikaşvili bu gün Tbilisidə keçirilən “İkinci İpək yolu” beynəlxalq forumda söyləyib.
O deyib ki, Gürcüstan tarixən Böyük İpək yolunun üstündə yerləşib və bu yolun mühüm əhəmiyyətini yaxşı başa düşür. Ona görə də Böyük İpək yolunun keçdiyi bütün ərazilərdə yollar əsaslı təmir olunur, yeni infrastrukturlar yaradılır.
Hökumət başçısı bildirib ki, bundan başqa, Gürcüstan Qara dəniz sahilərindəki limanların da təmirini, yeni limanların tikintisini də diqqət mərkəzində saxlayır.
Baş nazir qeyd edib ki, regionda həyata keçirilən irimiqyaslı layihələr, tarixi İpək yolunun inkişafı təkcə region xalqlarının deyil, Asiya və Avropanın inkişafına, xalqların rifah halının yaxşılaşmasına, iqtisadi-ticarət dövriyyəsinin artmasına, mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. G.Kvirikaşvili bu konfransdan sonra digər ölkələrin də tarixi İpək yolunun bərpası və inkişafı işinə daha fəal qoşulacaqlarına əmin olduğunu bildirib