Avstriyanın Zaltsburq şəhərində yerləşən „Avstriya Assistent İtlər Mərkəzi“ ilk dəfə olaraq depressiyadan əziyyət çəkənlərə yardım məqsədilə xüsusi itlərin təliminə başlayıb.
Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2016-cı ildən fəaliyyət göstərən və əsasən posttravmatik stress pozuntusu və obsessiv-kompulsiv pozuntudan müalicə alan xəstələri müşayiət edən itlərə təlim verən mərkəz qarşısına daha ciddi məqsədlər qoyub. Xüsusi təlim keçmiş labrador retriver cinsli itlər öz yeni sahibinin rəftar nümunələri və həmçinin qoxusu əsasında məşqlərə cəlb olunur. Beləliklə, sahibinin depressiv epizodlarının „iyini“ alan itlər öz sahiblərinin diqqətini cəlb edə, onun əhvali-ruhiyyəsini yüksəltmək üçün oynamağa çalışa və yaranmış vəziyyətdən çıxmasına yardım edə biləcəklər.
Mərkəzin rəhbəri Lukas Handler yeni terapiya istiqamətinin təqdimatı zamanı bildirib ki, aldığı təlimdən asılı olaraq itlər, həmçinin özünə xəsarət etməyə və ya intihara meylli pasiyentlərin həmin niyyətlərini duya və müxtəlif yollarla (oyun, diqqəti özünə cəlb etmə, açıq havaya çıxmaq tələbi və s.) onların diqqətini başqa istiqamətə yönəldə biləcəklər.
1,5-2 illik təlim müddəti və müxtəlif sınaq mərhələləri bitdikdən sonra depressiyaya qarşı itlərin geniş istifadəsi nəzərdə tutulur. Mərkəzdən bildirilib ki, dördayaqlı müşayiətçilərin alış qiyməti üç min avrodan başlayacaq.
Müxtəlif heyvanların, xüsusilə də itlərin antidepressiv təsir imkanları məlum olsa da, onların psixoterapevtiv məqsədlər üçün istifadəsi geniş yayılmayıb.