Nərə balıqlarının ovlanmasına qadağa müddəti artırıldı

16:21 - 27 Noyabr 2017 - DÜNYA

Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində nərə cinsli balıqların ovlanmasına qadağanın müddətini 2018-ci il üçün uzadıb.


"Report" Rusiya Balıqçılıq Federal Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, qərar Bakıda keçirilən Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi və birgə ehtiyatlarla onların idarə olunması üzrə Komissiyanın ilk sessiyasının yekununda qəbul edilib.
Məlumatda bildirilir ki, Komissiyanın ikinci iclasında moratoriumun daha böyük müddətə uzadılması imkanı nəzərdən keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanda nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına moratorium tətbiq edilir.
Əlavə edək ki, Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi və birgə ehtiyatlarla onların idarə olunması üzrə Komissiya 2014-cü ilin sentyabr ayında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələrinin imzaladığı razılaşmaya əsasən yaradılıb. 2016-cı ilin yazında sənəd ratifikasiya edilib.

Xəbər xətti