Türkiyə prezidenti: “Bunlar kimi aldadırlar, bəs bu qanı kim tökür?”

16:42 - 13 Noyabr 2017 - DÜNYA

“Bunlar kimi aldadırlar?! Dünya axmaq deyil”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Suriya münaqişəsinin hərbi yolla həllinin mümkün olmaması ilə bağlı birgə bəyanatına münasibət bildirərkən deyib. R.T.Ərdoğan Soçiyə yola düşməmişdən əvvəl Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və Rusiya liderlərinin Suriyaya dair bəyanatının mahiyyəti aydın deyil: “Bunu başa düşmürük. Dünyanı aldatmasınlar. Bəs bu qanı kim tökür? Qoy onlar Suriyadakı hərbçilərini geri çəksinlər. Bizim orada hərbçimiz yoxdur. 

Biz ABŞ-ın İraqa girməsini də istəməmişdik. Bunu onlara demişdik. Dedilər ki, İraqı tamamilə terrorçulardan təmizləyəcəklər. Təmizlədilərmi? Xeyr".
Türkiyə prezidenti vurğulayıb ki, Suriyanın şimalında ABŞ-ın 5 hava və daha 8 hərbi bazası var: "Üst-üstə gələndə hərbi bazaların sayı 13 edir. Birini də Raqqda yerləşdirirlər. Rusiyanın isə Suriyada 5 hərbi bazası var. Ora silah göndərirlər. Bu silahlar kimə göndərilir? Təbii ki, ya PYD, ya da YPG-yə göndərilir. Bölgədəki vəziyyəti bizdən yaxşı heç kim bilmir".
Jurnalistin Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirəcəyi hərbi əməliyyata hazırlıqla bağlı sualına cavabında R.T.Ərdoğan deyib: “Suriya ilə 911 km-lik sərhədimiz var. Bu əməliyyatı ABŞ, Almaniya və Rusiya ilə müzakirə etmişik. Ancaq indi əsas hədəf İdlibdir. İdlibdə mülki insanlar təcavüzə məruz qalır. İdlibdə Rusiya ilə birgə hərəkət edəcəyik. Afrin də qonşu bir əyalətdir. Bu əyalətdə bizə uyğun olan elementlər də var. Eyni zamanda terrorçulara (terrorçu PKK- qruplaşamasının Suriyadakı qolları PYD və YPG nəzərdə tutur – “Report”) uyğun olanı da var. Rusiya ilə birlikdə Afrində fəaliyyət göstərəcəyik".
R.T.Ərdoğan ölkəsinin Rusiyadan S-400 zenit-raket kompleksi alması məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələ ilə bağlı müqavilə imzalanıb: "Müdafiə nazirimiz və uyğun qurumların başçıları danışıqları davam etdirir”.report

Xəbər xətti