Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada sülh, qardaşlıq və əmin-amanlığa mühüm töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycan paytaxtında keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasiminin iştirakçılarına təbrik məktubunda deyilir.
Baş nazir bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycanın birgə fəaliyyətinin məhsulu olan bu layihə sadəcə ölkələrimiz arasında əməkdaşlığı göstərmir, eyni zamanda, Çindən başlayıb Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya uzanan tarixi İpək Yolunun da önəmli bir hissəsini təşkil edir.
B.Yıldırım qeyd edib ki, Orta dəhliz kimi də adlandırılan bu yol Avrasiyada mədəniyyətləri birləşdirən bir öhdəlik daşıyacaq:
"2004-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dönəmində Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir fikir layihəsi olaraq ölkə nazirləri ilə başlatdığımız çalışmalar 2008-ci ildə Qarsda üç ölkənin liderinin iştirakı ilə təməlatma səviyyəsinə gələrək önəmli bir mərhələ qət etmişdir. Bu illər ərzində bir çox çətinliklərin yaşanmasına rəğmən hər üç ölkənin lideri heç bir zaman dəstəyini əsirgəməmiş və nəhayət, layihə xoşbəxt sonluğa çatmışdır".
Baş nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu bölgə və Avrasiya coğrafiyasının sülh, qardaşlıq və əmin-amanlığına mühüm töhfə verəcək.