Kaxa Kaladze Tbilisinin meri seçilib
13:28 - 22 Oktyabr 2017 - DÜNYA
Gürcüstan futbol yığmasının sabiq kapitanı Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən məlumatda əksini tapıb.
Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim “Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib. İkinci yerdə 17,46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16,53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.
Gürcüstanda şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunur.
Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın Milan və Cenoa komandalarında müdafiəçi mövqeyində oynayıb. K. Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.