Bu ilin oktyabrın 10-da Azərbaycanın təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik boru kəmərinin (TAP) inşası üçün nəzərdə tutulan boruların sonuncu partiyası Yunanıstanın Saloniki şəhərinə göndərilib.
TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, beləliklə, artıq kəmərin keçəcəyi bütün ölkələrə boruların çatdırılması yekunlaşıb. Məlumata əsasən, 55 min ədəd borunun və bükülmənin tədarükü təxminən bir il yarıma yekunlaşıb. Xatırladaq ki, ilk borular 2016-cı ilin aprelində Albaniyanın Durres şəhərinə, Yunanıstana isə bir ay sonra çatdırılıb.
TAP-ın tikintisində təxminən 55 min ədəd borudan istifadə edilib. Onlardan 32 min ədədə Yunanıstanda, 13 min ədədi Albaniyada, 670 ədədi İtaliyada, 9 150 ədədi isə suyun altında keçməklə istifadə edilib. Borular Yunanıstanın “Corinth Pipeworks” və Almaniyanın “Salzgitter Mannesmann International” şirkətləri tərəfindən istehsal edilib.
Qeyd edək ki, Trans-Adriatik Borusunun (TAP) İtaliya ərazisindən keçən hissəsində 221 zeytun ağacının olması TAP layihəsinin reallaşmasına çətinlik yaradırdı. TAP kəməri həmin ərazidən keçdiyi üçün ağacların köçürülməsi vacib idi.
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.