İraq mərkəzi hakimiyyətinə bağlı ağır hərbi texnika ilə silahlanan “Haşdi Şabi” qüvvələri Kərkük şəhərinin mərkəzindən 20 km aralıda yerləşiblər. “Report” "Hürriyet"ə istinadən xəbər verir ki, onlar Kərkük vilayətinin qərb və cənub bölgələrində dislokasiya olunublar.
2014-cü ilin aprelində terrorçu İŞİD qruplaşması Kərkükün Havicə rayonunu və ona bağlı 4 qəsəbəni ələ keçirmişdi. Bu yaxınlarda İraq ordusu və “Haşdi Şabi” qüvvələri həmin ərazini terrorçulardan təmizləyib. Bu əməliyyatdan sonra Kərkükdə güclər nisbəti dəyişməyə başlayıb.
Kərkük-Bağdad avtomobil yolu “Haşdi Şabi” qüvvələrinin nəzarəti altındadır.
Bəzi bölgələrdə İraqın şimalındakı yerli hökumətin silahlı dəstəsi (“peşmərgə”) ilə bu qüvvə arasındakı məsafə 500 metrdir.
“Peşmərgə”nin 70 birliyinin komandanı Cəfər Mustafa Kərkükdə keçirdiyi toplantıdan sonra bildirib: “Atışma olmaması üçün İbadi (İraqın baş naziri Heydər əl-İbadini nəzərdə tutur - “Report”) və başqaları ilə danışıqlar apardıq. Savaşın olmasını istəmirik. Ancaq savaş qapımıza dayanarsa, savaşacağıq. Cənub Cəbhəsi komandanı Vesta Resul məktub yazaraq 48 saat ərzində hərbi bazalar, hava lmanı və neft quyularını təhvil verməyimizi istəyib. Federal polis güclərinin bu yerlərə girəcəyini də bildirib. Biz onların istədiklərini heç vaxt etməyəcəyik. Bunu yoxlaya bilərlər".
İraqın şimalındakı yerli muxtariyyətin başçısı Məsud Barzaninin oğlu Mansur Barzani silahlanaraq ötən gün Kərkükə gedib.
Qeyd edək ki, bir müddət əvvəl İraq ordusu ilə “Haşdi Şabi” qüvvələrinin birlikdə Kərkükdəki neft quyuları və hərbi hava limanının geri qaytarılması istiqamətində əməliyyata başladıqları barədə məlumat yayılmışdı.
İraq ordusu bu xəbəri təkzib edərək əməliyyatın başlamadığını, Kərkük ətrafında bəzi araşdırmaların aparıldığını bildirib.