“Azərsun Holdinq” KİV nümayəndələrinin “Azərsun Sənaye Parkı”nda yerləşən “Bakı Qida və Yağ” fabrikinə media turunu təşkil etdi. İlk olaraq zavodun direktoru Şahəddin İbrahimov “Bakı Qida və Yağ” fabrik barədə məlumat verdi: ““Azərsun Sənaye Parkı” 2014-cü ildə istismara verilib. Müəssisə Avropa istehsalı olan avadanlıqlarla təchiz olunub. Bu avadanlıqlar MDB ölkələrində alternativi olmayan Fransa, Almaniya, İtaliyanın ən son model markalarıdır. Fabrikdə müxtəlif növ yağlar istehsal olunur. Müasir texnologiya və avadanlığın hesabına burada hazırlanan məhsullar ekoloji cəhətdən təmizliyi və rəqabətə davamlılığı ilə seçilir”.
O, fabrikin illik istehsal həcminin 270 min ton olduğunu jurnalistlərin nəzərinə çatdırdı: “Fabrik tərəfindən istehsal edilən qida yağlarının ölkə hüdudlarından kənarda da böyük rəğbət qazanıb”.
Daha sonra media işçiləri istehsal sexləri və avadanlıqla tanış oldular. Bitki yağlarının istehsal prosesini izləyən KİV mənsubları burada təmizliyə, gigiyenik və təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunduğunun şahidi oldular.
İstehasl barədə məlumat verən fabrikin şöbə müdiri Hüseyn Qocamanov bütün istehsal prosesində istifadə olunan avadanlıqların paslanmaz metaldan hazırlandığını bildirdi: “Istehsal prosesi tam avtomatlaşdırılmış və insan əli dəymədən, gigiyenik qaydalara tam əməl olunmaqla həyata keçirilir. Məhsulun üzərində istehsal tarixi, son istifadə müddəti saatı və dəqiqəsinə qədər göstərilir ki, bu da hansısa məhsulda problem aşkarlanarsa o məlumata əsasən bunun nə zaman baş verdiyi müəyyənləşir. Qutuların üzərində yazılmış məlumatlar isə bizə hansı məhsulun hətta ölkənin hansı marketdə olduğunu müəyyənləşdirmək imkanını verir. Şirkət müştəri məmnuniyyətini təmin etmək üçün belə bir sistemlə qurulub. Bu vaxta qədər məhsullarımızın keyfiyyəti ilə bağlı ciddi şikayət daxil olmayıb”.
Daha sonra jurnalistlər kərə, spred yağlarının istehsal edildiyi sahə ilə tanış olublar.
"Üzərində kərə yağı və “Azərsun Holdinq” loqosu yazılıbsa bu məhsul 100 faiz kərə yağıdır”
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov kərə yağının Yeni Zellandiyadan idxal edildiyini bildirdi. Afiq Səfərov yağların 25 kq-lıq çəkilərdə alındığını, burada doğranaraq müxtəlif çəkilərdə paketlənib satışa göndərilir. Fabrikdə istehsal olunmuş “Best Cow”, “Wellington” yağları tərkibinə heç bir qatqı əlavə olunmadan paketlənir: “Əgər məhsullarımızın üzərində kərə yağı və “Azərsun Holdinq” loqosu yazılıbsa bu məhsul 100 faiz kərə yağıdır”.
O kərə yağının niyə Yeni Zelandiyadan gətirilməsi sualına cavabında həmin ölkədə iqlim şəraitinin heyvandarlıq üçün daha əlverişli olduğunu bildirdi: “Yeni Zelandiyada istehsal olunmuş südün yağlılıq dərəcəsi çox yüksəkdir. Otlaq sahələri daha çox və ilin bütün fəsillərində yem problem olmur ki, bu da orada heyvandarlığın inkişafına müsbət təsirini göstərir və bunun nəticəsində inəklərdən yüksək keyfiyyərli süd almaq olur”.
Afiq Səfərov ölkəmizin ərzaq məhsullarına olan ehtiyacını ödəmək üçün xaric ölkələrdən asılılığını azaltmaq üçün Prezident İlham Əliyev tərəfindən göstəriş verildiyini diqqətə çatdırdı: ““Azərsun Holdinq” tərəfindən Padarçöldə böyük kənd təsərrüfatı kompleksi yaradılır. Orada gübrələmə, suvarma, kultivasiya işləri görülür. Həmin kompleksdə 5000 başlıq heyvandarlıq komleksi yaradılacaq. İlkin mərhələdə 2500 başlı q nəzərdə tutulub. Kompleks fəaliyyətə başladıqdan sonra yerli xammal bazası artmış olacaq. Xaricdən yağ idxalı aslılığı azalacaq. Daxili imkanlar və istehsal artdıqca ölkənin ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək”.
Fabrikin laboratoriyası ilə tanış olan jurnalistlərə keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi barədə məlumat verildi.
“Burada keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir"
“Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev bu qurumun fabrik müdiriyyətinə deyil, birbaşa şirkət rəhbərliyinə bağlı olduğunu diqqətə çatdırdı. Sərbəst bir qurum olmaları isə onlara daha keyfiyyətli məhsul alınmasına yardım edir. O, yağ məhsullarının insan orqanizminə faydaları barədə danışdı. Tural Babayev insan orqanizminin həm bitki, həm kərə yağına ehtiyac duyduğunu bildirib. O, əsas məqsədlərinin insan sağlamlığı üçün keyfiyyətli yağ istehsalı olduğunu qeyd etdi.
Mütəxəssis onu da xüsusi olaraq vurğuladı ki, “Azərsun Holdinq” tərəfindən istehsal olunan heç bir yağın tərkibində trans yağlar yoxdur: “Burada keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir".
Emin Nəbili