Toydan sonra nağara və ya israfçılıq hara qədər olacaq?

19:09 - 28 Sentyabr 2017 - Cəmiyyət

Lalə Mehralı: “Toy mədəniyyətimizin özü başdan ayağa birabırçılıq, israfçılıdır”


- “Ayə, bu toydur. Burda neyləmək lazımdır? 
- “Oynamaq”.
- “Oynamaq lazımdır”...
- “Ayə nətər oynayaqee, səs o yandan gəlir, çalğıçılar da burda oturub”. 
- “Nə tafotu var ə bunun, burdan eşit, burdan da oyna da”...

Bu sözlər hər kəsin  dilində əzbər olan “Bəyin oğurlanması” filmindən kiçik bir parçadır. Keçmişə nəzər salanda görürük ki, toy məclisləri, şənlənmək, öz sevinc hisslərini yaxınları, dostları, qohum-əqrəbaları ilə bölüşmək üçün idi. Hər kəs oynayır, deyib-gülürdü. İndi isə toyda şənlənmək əvəzinə daha çox ya maşın yarışdırır, ya oynayan zaman mahnı sifarişi üzərində dava salır, yaxud da spirtli içkilər içərək qanqaraçılıq yaradırlar. Bəzən isə belə hadisələrin sonu ölümlə nəticələnir. Gözəl toy adət-ənənlərimizin yerini bu cür “əyləncə”lər necə aldı? Toylarda sevincimizi gözümüzdə qoyan hadisələr niyə çoxalıb? Toylarımızda nələrin dəyişdirilməsinə ehtiyac var? 
Bu barədə “Üç nöqtə”yə açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, azərbaycanlılar şadyanalılığa meyillidir: “İnsanlar sevincli hadisələrə, hansısa günləri qeyd etməyə xüsusi diqqət ayırırlar. Və o sevincdən dolayı yolda gedərkən hərəkət qaydalarını pozmaq, şadyanalıq edərkən spirtli içkilərdən çox istifadə etmək, mahnı sifarişi zamanı mübahisələrin yaranması, biraz insanların xoşbəxtlik hormonunun artma səbəbindən neqativ şeylərə yol açır. Bu cür hallardan sığortalanmaq lazımdır. Belə hallarda daha çox ağsaqqalların dəstəyindən istifadə edilsə,s yaxşı olar. Əvvəllər belə vəziyyətlərdə, ağsaqqallar məsələyə müdaxilə edir və vaxtında həll edirdilər. Bu gün belə problemlərin mövcudolma səbəblərindən biri ağsaqqal institutuna biraz güvənin azalmasıdır. Yəni, burda həm  gənclər günahkardırlar, həm də müəyyən qədər ağsaqqallar... 
Sosioloq Lalə Mehralı bildirdi ki, toy mədəniyyətimizin özü başdan ayağa birabırçılıq, israfçılıdır: “Toya hazırlıqdan tutmuş süfrə mədəniyyətinə, mahnı seçiminə, toy karvanına qədər o qədər lazımsız adətlər var ki, saymaqla bitməz. Birincisini deyim, süfrədə bir-birinə tərkibcə zidd o qədər nemət düzülür ki, hamısı süfrədə qalır. 3-4 cür soyuq qəlyanaltı, 3-4 cür isti yemək, növbənöv içkilər – hamısı israfçılıqdır. Siz sadəcə toydan sonra süfrələrin yığılma prosesinə baxsanız nə demək istədiyimi anlayarsınız. Əl dəyməmiş yeməklər birbaşa zibil vedrəsinə süpürülür. Düzdür, toy sahibi restoranın təklif etdiyi yemək menyusuna uyğun olaraq süfrə açır, amma həyətində toy edənlər də bu israfçılığa yol verirlər. Çünki qonşusunda, qohumunda onu qınayacaqlarından qorxurlar. Bu qorxu toydan böyük zərərlə çıxmağa, bir neçə il borc ödəməyə səbəb olur.
İkincisi, toylarda bayağı mahnılar ürək bulandırır. Üstəlik, bu mahnıları o qədər yüksək desibellə verirlər ki, insanın beyni çatlayır. Şəxsən mən toya gedəndə səs terroruna məruz qalmamaq üçün qulaqlarıma tıxac taxıram. Hələ 1 mahnı üçün 10-15 min manatından keçib tanınmış müğənni gətirənlər də var. Özü də bu insanlar nə maqnatdır, nə biznesmen, nə nazir, nə də deputat. Əksəriyyəti sadə əhalidir. Nəinki 15 min manat, toy ansamblının əksəriyyətinə performanslarına görə heç 100 manat da vermək olmaz. İki mahnı oxuyub bütün toyu disklərə yazılmış mahnılarla yola vermək və nəticədə 4-5 min manat almaq ədalətli deyil. Gələn müğənni oxuyanda ağzından dürr tökülmür, heç canlı da oxumur, fonoqramma ilə gəlir. Bu halda ona verilən minlər nəyə görə verilir? Şan-şöhrət üçün.
Üçüncüsü, daha əvvəlki toy karvanları yoxdur, qadağan etməklə çox düz hərəkət etdilər. Çünki yollarda hər gün o toy karvanlarında maşını at kimi çapan gənclərin ucbatından onlarla insan ölürdü. İndi bir neçə maşınla bu mərasimi reallaşdırırlar və məncə çox da yaxşı qadağa olub. Toy daha evlənənin sevincinə şərik olma çərçivəsindən çıxıb restoranda hesab ödəmək çərçivəsinə girib. Bu gün mənim evimdə toydur, qohumlar, tanışlar gəlib yeyib-içib pul yazıdıb gediblər. Sabah gələnlərdən birinin övladının toyudur, mən də gedib orda yeyib-içib mənim toyuma saldığı 100 manat nəməri özünə qaytarıb gəlirəm. O da mənim verdiyim pulu aparıb başqa bir yerdə toya salıb gəlir. Beləcə o pul heç kimin olmdan ortada gəzir, əvəzində restoran sahiblərinin cibi “kökəlir”. Qətiyyətlə buna qarşıyam. Xalımızın toy adət-ənənəsi yox olub gedir, tarixən toy könüllülərin təbrikə gəlməsi demək olub, məcbur olanların pul yazdırmağa gəlməsi prosesi olmamalıdır”.


Könül Əhmədova

Xəbər xətti