Valeh Əhmədov: “Bütün seriallarda adət-ənələrimizin, milli bayramlarımızın, önəmli günlərimizin təbliğinə yer ayırırıq”
Elçin Əlibəyli: “Serial təbliğat vasitəsi yox, əyləncənin bir fomasıdır”
Filmlər və seriallar tam mənada təbliğat vasitəsi olmasa da, bu məqsədlə də istifadə olunur. Bir çox ölkələr serial çəkərkən bundan gözəl şəkildə istifadə edilir. Sosial məsələlərin həllini, adət-ənənələrini, mədəniyyətlərini, hətta hansısa bölgənin yerli xüsusiyyətlərinin tanıtımını müəyyən qədər aparırlar. Bəzən təqdimat elə olur ki, artıq həmin ölkədə olmayanlar da həmin yerlərə getmək, təbliğ olunan adət-ənənələrlə tanış olmaq arzusuna düşür. Elə türk qəhvəsinin özünü götürək. Digər ölkələrdə hazırlanan qəhvələrdən o qədər də fərqlənməyən bu içki növünü elə təqdim edirlər ki, Türkiyəyə gedən hər kəs o qəhvənin dadına baxmaq istəyir.
Ölkəmizdə də son illərdə çəkilən serialların sayı artır. Bəs biz seriallarımızda bu təbliğat vasitələrindən nə dərəcədə istifadə edirik? Ümumiyyətlə, istifadə edəkmi?
"Xəzər" TV-də yayımlayanan serialların baş ssenaristi Valeh Əhmədov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, onlar seriallarda daha çox sosial problemlərə, ailə-məişət zəminində olan məsələlərə toxunurlar: “Cehizsiz gəlinlər” serialında gənc qız Hicran xarakteri var idi. Onu gənc bir oğlan aldadır. Ona öz anasının qızıl üzüyünü verir, gözəl sözlər deyərək özünə inandırır. Burada qızların oğlanlar tərəfindən aldadılması mövzusunu işləmişik. O sujetdə biz çox mövzulara toxunmuşuq. Qız başına gələnlərdən sonra cəmiyyətdə sıxıntılar yaşayır, yaxınları tərəfindən atılır, qardaşı tərəfindən təzyiqlərə məruz qalır, hətta intihar həddinədək gəlib çatır. Daha sonra ona bir xanım dəstək verərək intihardan çəkindirir. Çünki hər insan səhv edə bilər, biz onun hərəkətinə haqq da qazandırmırıq, amma intihar da çıxış yolu deyil. Biz seriallarımızda heç vaxt intihar səhnələrini göstərmirik, intihara cəhd olur və həmişə intihardan geri qaytarılır. Bu bizim bütün seriallarımızda olub. Çünki insanlar kiçik bir problemi şişirdərək intihara cəhd edir, canından keçmək istəyir. Amma əslində, ökəmizdə həmin problemləri həll edəcək kifayət qədər ziyalı, valideyn, qohum-əqrəba və insanlar var.
“İmtahan” serialında da, sosial məslələrin təbliğini aparmışıq. Orada gənclər özəl günü qeyd eləmək üçün dənizə gedirlər, bəzən maşını çox sürətlə sürürlər. Bəzən öz sevinclərini belə göstərirlər. Bilirsiz ki, dənizdə hər il müəyyən qədər hadisələr olur. Cavanlar küləkli havada gedirlər, bəzən özlərini bir-birilərinə göstərmək üçün uzağa da üzürlər. Və nəticədə ölüm hadisələri baş verir. Bunu da ona görə göstərməyə çalışmışıq ki, çox vaxt insanları eqo öldürür. Yəni ki, üzə bilməyən onsuz da uzağa gedə bilmir, sürə bilməyən onsuz da sürətlə sürə bilmir. Demək ki, bir balaca bacarığı olan və özündən razılığı olan adamlar bu yola əl atır və eqo insanı öldürür. Eyni zamanda həmin serialda müəllim əslində öz tələbəsini sevə bilərmi, bilməzmi? məsələsini göstərməyə çalışmışıq”.
Valeh Əhmədov qeyd etdi ki, bütün seriallarda adət-ənələrin, milli bayramların, önəmli günlərin təbliğinə yer ayırırlar: “Ölkəmizin önəmli günləri ilə bağlı bizim hər il roliklərimiz olur, eyni zamanda bunu seriallarımız da mümkün olduğu qədər salmağa çalışırıq. Adət-ənənələrimiz, milli bayramlarımızı, önəmli günlərimizə yer ayırırıq. Ailənin bir süfrə ətrafında oturub yemək yeməsi, axırıncı üzvü gözləməsi, böyüyə hörmət, onlarla məsləhətləşmək, xeyir-duaları və s. məsələləri təbliğ etmişik. Yaxud, bizim milli şirniyyatlarımızla bağlı məsələləri serialımızda qabartmışdıq. Novruz bayramında bişən milli şirniyyatlarımızı xüsusilə. Bu cür mövzulara hər dəfə toxunmağa çalışırıq. Çünki, bu bizim borcumuzdur”.
Teletənqidçi Elçin Əlibəyli bildirdi ki, serial təbliğat vasitəsi yox, əyləncənin bir fomasıdır: “Tamaşaçı istirahət edəndə ona hansısa bir bədii əsərin, bədii nümunənin ekran versiyası təqdim olunur. Amma bu çox serialar şəklində olur. Ona görə də, serialın üzərinə hansısa yüksək tələblər, təbliğat borcu qoymaq düzgün deyil. Təbliğat üçün tamamilə başqa vasitələr var. Tarixi, ictimai, mədəni yük daşıyan seriallar hazırlayıb tamaşaçıya çatdırmaq dövlət və İctimai televiziyanın birbaşa vəzifəsidir. Yəni, tamaşaçılar arasında təbliğat işi aparsın. Özəl telekanallardan bunu tələb etmək tamamilə düzgün deyil. Bu mənada məsələnin qoyuluşu fərqlidir. Seriallarımızın bədii tərəfinə vaxt vermək lazımdır. Hesab edirəm ki, bir neçə ildən sonra daha uğurlu, keyfiyyətli, daha yaxşı serialların şahidi olacağıq”.
Könül Əhmədova