Məişət zorakılığı halları niyə artır?

18:16 - 28 Sentyabr 2017 - Cəmiyyət

Lalə Mehralı: “Zorakılığa əl atanlar cəmiyyətdən təcrid olunmağın dəhşətini dərk etməyənlərdir”

Məişət zorakılığı ilə bağlı xəbərlərlə hər gün mətbuatda, gündəlik həyatımızda rastlaşırıq. Belə xəbərlərin sayı durmadan artır. Hətta, ölüm xəbərlərinin sayı da çoxalır. Bu problemlərin artmasının səbəbləri nələrdir? Problemlər nədən qaynaqlanır? Problemlərin aradan qaldırılması üçün hansi işlərin görülməsinə ehtiyac var?
Bu barədə “Üç Nöqtə”yə açıqlama verən jurnalist, sosioloq Lalə Mehralı bildirdi ki, məişət zorakılığı dövrün ən ciddi probleminə çevrilib: “Bir zamanlar uzaq ölkələrdə övladına, ailəsinə işgəncə edən, öldürən, asan, kəsən adamları mətbuatdan görür, oxuyurduq. İndi öz içimizdə bu cür insanlar günü-gündən artır. Kimi övladına işgəncə verir, kimi arvadını öldürür, kimi də ailə üzvünə təcavüz edir. Bəzən həmkarlarım məişət zorakılığını, habelə boşanmaları sosial problemlərin çoxluğu ilə əlaqələndirirlər. Amma zənnimcə, burada sosial faktorlardan çox mənəvi-psixoloji amillər rol oynayır. Tarixə nəzər salsaq, dünyanın ən dağıdıcı müharibələrindən olan Böyük Vətən Müharibəsi illərində belə insanlar indikindən yüz dəfə pis şəraitdə yaşayıblar, yeməyə yeməkləri, geyməyə paltarları, isinməyə ocaqları olmayıb. Ölkəmiz o cür ağır illərdən üzüağ çıxdı, elə ailələr oldu ki, 3-4 kişi müharibədən qayıtmadı. Cavan qadınlar dul qaldı, ac qaldı, amma namusu ilə yaşadı. Nə bir-birini öldürən vardı, nə təcavüz edən, nə də işgəncə verən. Demək ki, bu maddi, soail məsələlərdən qaynaqlanan problem deyil”.
L.Mehralı qeyd etdi ki, böyük şəhərlər insanların içini, beynini, zehnini yorur: “İnsan özü olmaqdan çıxıb robota dönür. Hissiyyat, mənəviyyat meqapolislərin meydanlarında yox olur. İndi küçədə birini yıxılıb ağlayan, yaralanan görəndə ona yaxınlaşmağa qorxuruq, çünki çox vaxt bu kimi hərəkətlərin fırıldaq olduğunun şahidi olmuşuq. Onu tanımırıq, kim olduğunu bilmirik, ona görə də yaxınlaşmağı vacib hesab etmirik. Bu da bizim inamımızı, hissiyatımızı öldürür, bizi bir növ zombiləşdirir. Razıyam, dövrümüzdə məişət zorakılığının inkişaf şkalası hər gün bir az da sürətlənir. Ailədə güzəştə getmək, yola vermək, empatiya qurmaq duyğusu yox olur. İnsanlarımız bir-birini anlamır, ər arvadından şübhələnir, arvad ərinin mesajlarını güdür. Çünki inam hissi yoxdur. Zorakılıq bu cür doğulur – inam öləndən sonra”.
Sosioloq əlavə etdi ki, zorakılığa əl atanlar cəmiyyətdən təcrid olunmağın dəhşətini dərk etməyənlərdir: “Birini döyüb-öldürüb, təcavüz edib məhbəsə düşmək qədər ağır vəziyyət olmadığını anlamalıdırlar. Zorakılıq alışqanlıqdır, adətdir. Bir dəfə tətbiq edən ömür boyu edir. Bunun tövbəsi, andı olmur. Elə statistikalar da göstərir ki, məişət zorakılığını törədənlər bu vəziyyəti adət halına gətirirlər. Zorakılığa meylli olanlara bunun pis əməl olduğunu başa salmaq çətindir, ittihamı, məzəmməti qəbul etmək istəmirlər. Qadınlara, uşaqlara müdafiə olunmağın yollarını öyrətmək lazımdır. Lazım gələrsə gözyaşardıcı qazlardan istifadə etməyi başa salmaq, zorakılığa məruz qalan an necə davranmağı aşılamaq şərtdir”.
Psixoloq Orxan Oruc bildirdi ki, məişət zorakılığı həmişə mövcud olub: “Bəlkə də düzgün təhlil aparılsa, görərik ki, əvəllər məişət zorakılığı daha çox olub. Sadəcə indi məlumat o qədər sürətli yayılır ki, baş verən hadisələrin bir çoxundan məlumatımız olur. Eyni zamanda, bir o qədərindən də, ən azı məlumatımız olmur. Amma bu hadisələrin sayının azaldılması üçün insanların maarifləndirilməsi aparılmalıdır. İnsanlarda təhsil səviyyəsi nə qədər yüksək olsa, bir o qədər onların zorakılığa meyllilik faizi aşağı düşər. Bu baxımdan insanlar öz hüquqlarını bilməlidirlər. Bu elə maarifləndirmələrin nəticəsidir ki, kiçik və ya böyük olmasından asılı olmayaraq, məişət zorakılığı baş verən zaman dərhal ictimailəşdirilir və məlumat yayılır. Deyək ki, 30-40 il əvvəl məişət zorakılığına məruz qalan qadın, uşaq, hətta kişinin özü belə nə edəcəyini bilmirdisə, artıq nə etmək lazım olduğunu, hara müraciət edəcəyini, hansı nömrəni yığmaq lazım olduğunu yaxşı bilir. Beləliklə, zorakılığa məruzqalma hadisəsini ictimailəşdirir. Bunun nəticəsində də, bizdə elə təsəvvür yaradır ki, əslində məişət zorakılığının sayı çoxalır. Xeyr, bu dediyimiz o maarifləndirmənin müsbət nəticəsidir ki, insanlar çalışırlar ki, zorakılığa məruz qaldıqda hansısa bir formada çıxış yolunu tapsınlar”.
Psixoloq qeyd etdi ki, müasir dövrdə məişət zorakılığına məruz qalan ailələrin əksəriyyəti təhsilsizdir: “Onlar kitab oxumayan, özünü inkişaf etdirməyən, dünyagörüşünü zənginləşdirməyən ailələrdir. Demək olar ki, məişət zorakılığının baş verdiyi ailələrin böyük əksəriyyəti belədir. Çox az təsadüf olunar ki, hansısa təhsil səviyyəsi, dünyagörüşü yüksək olan ailədə hansısa zorakılıqdan söhbətin getsin. Bu hal biraz inandırıcı deyil. İnsanların təfəkkürü, həyata baxışları nə qədər aşağıdırsa, bir o qədər də bu hadislər, insanların öz hisslərini zorakılıq halında büruzə verməsi halı çox olacaq. Bəzən ola bilir ki, insanlar maddi çətinliklə bağlı keçirdiyi neqativ hissləri aqressiv yolla kiməsə nümayiş etdirsin. Lakin elə insanlar da var ki, maddi vəziyyəti nə qədər aşağı olsa da, o heç vaxt  düşünmür ki, mütləq aqressiyamı kiməsə qarşı yönəltməklə çıxarmalıyam”.  


Könül Əhmədova

Xəbər xətti