Ərdoğan: "Bu yollara getməyə nə ehtiyac vardı?"

14:11 - 26 Sentyabr 2017 - DÜNYA

 “Sanksiyaları tətbiq etməyə başlayanda ortada qalacaqsan”. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “2017-2018-ci illərdə Ali təhsil akademik ili”nin açılış mərasimində İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”u dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, İraqın şimalındakı yerli hökumət “referendum”u keçirməkdə israr etdi: "İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya İsraildən ibarət deyil. Kosovonun müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlikləri var. Sən bir İsraillə nə edəcəksən? “Biz etdik, oldu” deməklə olmur. Olmayacaq, heç vaxt ola bilməyəcək. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar İraqın şimalında işləmədiyi vaxtdan yeməyə bir şey tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək?"
"Biz son anadək Bərzaninin (İraqın şimalındakı yerli hökumətin başçısı Məsud Bərzanini nəzərdə tutur – “Report”) belə bir səhv addım atacağını ehtimal etmirdik. Deməli, yanılmışıq. Alınan bu qərar açığı ölkəmiz üçün də xəyanətdir. Bu məsələ Bərzaninin iddia etdiyi kimi “kürdlərin haqqı” məsələsi deyil. Əyalət olaraq varlığını davam etdir. Bu yollara getməyə nə ehtiyac vardı? Türkmənlər, ərəblər səsverməyə getmədi. “Referendum”u İraqın şimalındakı yerli hökumət keçirir. Terrorçu PKK isə bayram edir. İştirakçıların sayı da şübhəlidir. Unutmayın ki, bu gün sizi qısqırdanlar sabah çıxıb gedəcəklər". 
Türkiyə prezidenti bildirib ki, onların indiki vəziyyəti dəvəquşunun halına oxşayır: "Bu məsələlərlə bağlı əlimizdə çoxlu tarixi məlumatlar var. Onlar müzakirəyə çıxarılıb gündəliyə gətiriləcək. İqtisadi sanksiyalardan tutmuş hərbi variantlaradək bütün planlar masa üzərindədir. Ümid edirəm ki, İraqın şimalındakı yerli hökumət ağlını başına toplayar, bunların tətbiqinə ehtiyac qalmaz”.

Xəbər xətti