Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi keçirilib. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə 2 məcburi köçkün dindirilib.
Eyyib Abduləzimov bildirib ki, Şuşadan olan məcburi köçkündür və A.Lapşini məqalələrinə görə məhkəmədən tanıyıb:
"Şuşa Azərbaycan torpağıdır, orada mülklərim var. Amma Lapşin həmin ərazini ermənilərin ərazisi kimi təqdim edib. Heç kimin Azərbaycan sərhəddini pozmağa ixtiyarı yoxdur, o cümlədən də Lapşinin. Lapşinə qanun çərçivəsində lazımi cəza verilməsini istəyirəm".
Digər məcburi köçkün Fəxrəddin Səfərov isə bildirib ki, ermənilər Dağlıq Qarabağı işğal edənə qədər Şuşada yaşayıb:
"Mənim də Şuşada mülklərim var. Lapşin Azərbaycan ərazilərini erməni torpağı kimi göstərməklə Azərbaycan xalqının heysiyyətinə toxunub. Lapşin Azərbaycan əleyhinə çıxışlar edib. Mən Şuşada döyüşmüşəm. Ermənilər orada 6 yaşlı uşağa təcavüz edib. Lapşin isə həmin işğalçıları müdafiə edib, bizim haqqımızı pozur. Buna görə də o, etdiyi hərəkətlərə görə cavab verməlidir".
Digər 3 şahid prosesə gəlmədiyindən məhkəmə iyulun 6-na təyin edilib.
İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatında isə bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.