Yamaykalı sprinter Useyn Bolt yenidən Almaniyanın “Borussiya” (Dortmund) futbol komandasının məşqlərinə qatılacaq. “Report”un “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, 5 - 13 avqustda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək atletika üzrə dünya çempionatından sonra karyerasını bitirməyi planlaşdıran 31 yaşlı idmançı özünü futbolda sınamaqda israrlıdır. Ötən ilin noyabrında da “Borussiya”nın bir neçə məşq prosesində iştirak etmiş 8 qat olimpiya çempionu bildirib ki, hər şey məşqlərin gedişindən asılıdır: “Görək, işlər necə gedəcək. Yaxşı olsa, oynamaq istədiyimi söyləyəcəyəm. Əks halda, susacağam”. Qeyd edək ki, Useyn Bolt Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında 3 növdə 9 medal əldə edib. Lakin bu il yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi yamaykalını Pekində 4X100 metr məsafəyə estafet qaçışında qazandığı qızıl medaldan məhrum edib. Səbəb onunla birgə qaçan komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş turinabol anabolik steroidinin tapılmasıdır. Bolt həm də 11 qat dünya çempionu və hazırda 100 m (9.58 saniyə) və 200 m (19.19 saniyə) məsafələrə qaçışların rekordçusudur.