Toğrul 52 min dolların badına gedib... - Yeni faktlar

16:57 - 30 İyun 2017 - İDMAN

Güləş üzrə Olimpiya çempionumuz Toğrul Əsgərovun Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərə görə yığmamızdan imtina edib Türkmənistan millisini seçdiyi haqqında xəbər vermişdik. Federasiyanın Əsgərovun boyun fəqərəsində olan zədənin əməliyyat olunmaması üçün maliyyə ayırmadığını qeyd etmişdik.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı yeni detallar əldə edib.

Belə ki, idmançımız boyun fəqərəsində olan zədəni Hindistanda keçirilən klublararası turnirdə alıb. Hər il mütəmadi olaraq təşkil edilən yarışa klublar məşhur idmançıları dəvət edir. Əsgərov adıçəkilən turnirə  “CDR Punjab Royals” klubu ilə qatılır. 65 kq çəki dərəcəsində güləşən idmançımız 15 günlük mübarizəyə görə, 35,00,000 INR (52.150 dollar) alıb. Lakin o, burada ciddi zədələnir. Azərbaycana qayıdan Əsgərov bu zədənin federasiya tərəfindən əməliyyat etdirilməsini gözləyir. 9 ay müddətində qurum güləşçiyə maliyyə ayırmır. Əslində, Əsgərov Hindistanda qatıldığı bu turnirdə şəxsi istəyi ilə güləşib və aldığı zədə də ya onun şərəfini qoruduğu klub tərəfindən, ya da öz şəxsi büdcəsi hesabına həll edilməli idi.

Toğrulun turnirə qatılması Azərbaycan güləş millisinə təkcə bununla zərbə vurmur. Məhz həmin yarışdan sonra Olimpiya mükafatçımızın qanında dopinq aşkarlanır. O, Hindistanda yediyi qidaya görə diskvalifikasiya olunur. Düzdür, Toğrul yarışdan qayıdarkən dopinqə ilişə biləcəyini federasiyaya deyir. Qurum rəsmiləri ona bunu gizlin saxlayıb həll edəcəklərini bildirirlər. Lakin sonradan bu məsələ ortaya çıxır.

Maliyyə problemləri məngənəsində və üst-üstə olan qalmaqallardan sonra Toğrul Əsgərov millimizdən imtina etmək qərarına gəlir. Hazırda Türkiyədə əməliyyatda olan idmançımız yaxın günlərdə Azərbaycana gələcək və AGF ilə danışıqlar masasına oturacaq.

Digər əldə etdiyimiz məlumata görə, Türkmənistan Güləş Federasiyası təkcə Toğrula deyil Hacı Əliyev və Cəbrayıl Həsənova da onların bayrağı altında güləşməyi təklif edib. Baş məşqçi Firdovsi Umudovu da heyətlərində görmək istəyən mərkəzi asiyalıların bu təklifinə Umudov “yox” cavabı verib. O, Hacı və Cəbrayılı da fikrindən döndərə bilib. Lakin Əsgərov getməyi qərara alıb.

Maraqlıdır ki, Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov açıqlamasında məlumatları təkzib edib.

Xəbər xətti