Rauf Əliyev: "Oyundan əvvəl heç kim inanmırdı ki, bu hesabla qələbə qazanarıq"

14:15 - 30 İyun 2017 - İDMAN

Bakının "İnter" klubunun hücumçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsində səfərdə "Mladost"a qalib gəldikləri oyun (3:0) haqda fikirlərini bildirib. Ucnoqta.az xəbər verir ki, o, Qol.az saytına açıqlamasında böyükhesablı qələbə qazandıqlarına baxmayaraq, rəqibin zəif olmadığını deyib:
"Oyundan əvvəl heç kim inanmırdı ki, bu hesabla qələbə qazanarıq. Yaxşı nəticə əldə etdik. Ancaq rəqib bizdən çox qol epizodu yaratdı. Həmin epizodların birində fərqlənsəydilər, tamam başqa oyun olacaqdı".

Rauf Əliyev səfərdə vurulan 3 qolun mərhələni adlamaq üçün böyük addım olduğunu bildirməklə yanaşı rahatlaşmayacaqlarını da əlavə edib: "Çünki cavab oyunu var. Bakıdakı qarşılaşmanın sonuna qədər mərhələni keçdiyimizi deyə bilmərik. Yaxşı şansımız var. Növbəti mərhələyə yüksələcəyimizə inanırıq".

Rauf Əliyev oyunda baxımlı qola imza atsa da, sevincini o qədər də büruzə verməyib. Təcrübəli hücumçu bunu belə izah edir: "Adətən qolu o qədər də çılğınlıqla qeyd etmirəm. Bakıda qol vuranda çılğınlıqla sevinərəm (gülür)”.

Rauf Əliyevin "Mladost"un qapısına vurduğu gözəl qoldan sonra millimizin baş məşqçisi Robert Prosineçki onu yığmaya çağırmadığı üçün yenidən tənqid olunmağa başlayıb. Rauf isə bu haqda fikir bildirmək istəmədiyini deyib.

Xəbər xətti