XƏBƏRDARLIQ: Hava qeyri-sabit keçəcək

12:08 - 28 İyun 2017 - ÖLKƏ İÇİ

Sabah Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir. Xəbərdarlıq İyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər xətti