Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

14:25 - 22 İyun 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.
İclasda A.Lapşinin anket məlumatları dəqiqləşdirilib. Hazırda hakimlər kollegiyası müşavirədədir.
Qeyd edək ki, Rusiya-İsrail vətəndaşı olan blogger Aleksandr Lapşin Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına çağırışlar etməkdə, sərhədi pozmaqda ittiham olunur.
A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. 

Xəbər xətti