Rejissor Emil Abdullayev “Bozbash pictures” komandası ilə yollarını ayırıb. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, rejissor bildirib ki, bundan sonra həm serial sahəsində özünü sınayacaq, həm də başqa filmlər çəkəcək.
Aktyor İlkin Həsəni əməkdaşımızla söhbətində məsələyə münasibət bildirib. İlkin deyib ki, yeni rejissorla işbirliyinə başlamağı planlaşdırırlar:
“Ay Brilliant” filmimizdə rejissor Kənan M.M.lə, “Axırıncı yol” və “Stalinin başı”nda Emillə çalışdıq. İşbirliyi quranda kiminləsə ömürlük müqavilə bağlamırsan ki... İnsanların seçimləri azaddır. Növbəti filmimizi başqa bir rejissorla çəkmək, fərqlilik etmək istədik”.
İ.Həsəni işbirliyinin bitməsinin onların dostluğuna təsir etmədiyini söyləyib:
“Emil mənim kiçik qardaşım, dostumdur. İstəyirik stilimizi dəyişək. Ona görə də başqa rejissorla çalışmalıyıq”.
Aktyor avqustdan yeni filmlərinin çəkilişlərinə start verəcəklərini bildirib:
“Hazırda ssenari işlərini tamamlamaq üzrəyik. Yenə də komediya janrında maraqlı bir film lentə alacağıq”.
Qeyd edək ki, E.Abdullayevin "Bozbash pictures"lə yollarını ayırmasını "ölkə.az" saytı yayıb. Rejissor açıqlamasında bunları deyib:
"Əminəm ki, "Bozbaş pictures" öz uğurlu film silsiləsini davam etdirəcək. Amma artıq mən komandada olmayacam. Dostluq münasibətləri təbii ki, öz yerində qalır, amma iş məsələsində yollarımızı ayırmışıq. Onlarla işlədiyim 2 filmin ikisi də rekord vurub. Mən uzun müddət eyni işləri görməyi sevən biri deyiləm, elə olanda özümü paslanmış kimi hiss edirəm. Düşünürəm ki, yaradıcı adam daima eyni işləri görməməlidir və yeniliklərə, dəyişməyə açıq olmalıdır. Onlarla çalışmağım həm mənə, həm də komandaya uğur gətirib. Qarşılıqlı anlaşma şəklində razılaşdıq. İş başqa, dostluq başqa".