ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri başlayıb.
APA-nın “Al-Arabiya” kanalına istinadən verdiyi məlumata görə, Ər-Riyadda onun Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Azizlə görüşü planlaşdırılıb.
Daha sonra “Birlikdə biz məqsədlərimizə çatacağıq” şüarı altında ABŞ-Səudiyyə Ərəbistanı sammiti keçiriləcək, iqtisadiyyat, hərbi-texniki və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra ikitərəfli razılaşmaların imzalanması gözlənilir.
D. Trampın Ər-Riyadda həmçinin Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə yüksək səviyyəli görüşü olacaq. Görüşə daha sonra 40-a yaxın ərəb və müsəlman ölkəsinin liderləri qatılacaq. Azərbaycan da həmin görüşə dəvət olunan ölkələr sırasındadır.
D. Tramp Səudiyyə Ərəbistanından İsrail və Vatikana səfər edəcək, daha sonra Brüsseldə NATO sammitinə qatılacaq.
Qeyd edək ki, bu, D. Trampın ABŞ prezidenti postunda ilk səfəridir.