Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC-nin birgə təşkil etdikləri "Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib və rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Qorxmaz Hüseynov "Azərsu" ASC-nin təşkilatçılığı ilə martın 14-dən 18-dək Bakıda "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən tədbirlər qlobal miqyasda insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmini, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin geniş müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qоrxmaz Hüseynov su həftəsi çərçivəsində Bakıda və regionlarda keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nüfuzlu qonaqların iştirak etməsini mötəbər tədbirə yüksək marağın əyani təcəssümü kimi dəyərləndirib.
"Azərsu" ASC-nin sədri həftə çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin də təntənəli şəkildə qeyd olunduğunu bildirərək kəmərin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıb. Q.Hüseynov bildirib ki, əgər 100 il əvvəl Şollar-Bakı su kəməri Avropanın nəhəng layihələrindən biri sayılırdısa, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə son illər əsaslı şəkildə müasirləşən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hazırda belə bir yüksək statusa malikdir.
Qorxmaz Hüseynov Bakı şəhərinin keyfiyyətli və fasiləsiz içməli su təchizatında böyük paya malik olan Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin əhəmiyyətini xüsusi qeyd edib. Müsabiqəyə təqdim olunan yazıların əksəriyyətini şəxsən oxuduğunu və razı qaldığını deyən "Azərsu" ASC-nin sədri yekun nəticələr barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli "Azərsu ASC"-nin kollektivini və media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. İcraçı direktor Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin respublikamız üçün tarixi əhəmiyyətli hadisə olduğunu vurğulayaraq müxtəlif maneələrə baxmayaraq ötən əsrin əvvəllərində böyük messenat Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə kəmərin tikintisinin uğurla yekunlaşdırıldığını bildirib.
V.Səfərli, həmçinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə "Azərsu ASC"-nin son illər Bakı şəhərinin və respublikamızın regionlarının fasiləsiz və keyfiyyətli içməli su təchizatı sahəsində gördüyü işləri yüksək dəyərləndirib.
Çıxışını davam etdirən Vüqar Səfərli qeyd edib ki, Fondun "Azərsu ASC" ilə birgə keçirdiyi müsabiqənin məqsədi Şollar-Bakı Su Qurğuları Kompleksinin Bakı şəhərinin içməli su təchizatındakı müstəsna rolunun ictimaiyyətə dolğun şəkildə çatdırılmasıdır. İcraçı direktor yanvarın 12-dən martın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 32 kütləvi informasiya vasitəsindən 56 yazının təqdim olunduğunu bildirib: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən "Azərsu" ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalist əsas, 15 nəfərə isə həvəsləndirici mükafatlarlara layiq görülüb".
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Qalibləri təbrik edən icraçı direktor V.Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbiri yekunlaşdıran "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.