Bu gün Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür. Oxu.Az xəbər verir ki, Əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Vaqif Mustafazadə 1940-cı ildə Bakıda musiqiçi ailəsində anadan olub. Vaqif Mustafazədə yaradıcılıq yolunu ilk dəfə Tiflisdən salır və 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” triosunu yaradır. Son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyyət göstərən bu qrupdan ayrıldıqdan sonra Vaqif Mustafazadə “Opera” ansamblına dəvət alır. 1967-ci ildə cazmen yolunu Tallində keçirilən ümumdünya caz festivalından salır. 3 mindən çox musiqiçinin qatıldığı festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil edir və qalib olur. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana dönür və 1969-cu ildə Bakıda keçirilən caz festivalında iştirak edərək bir daha nəyə qadir olduğunu sübut edir. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir - Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərindən birinə hazırlaşır. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşməyə qoymurlar. Nəticədə o, bu konserti reallaşdırmaq üçün Daşkəndə yola düşür. Lakin uğursuzluqla burada da üzləşir. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, haqsızlıqlardan boğaza yığılmış vəziyyətdə çıxır. Getdikcə şiddətlənən ağrılarına baxmayaraq, piano arxasına keçir və ifa etməyə başlayır. Ancaq Mustafazadəyə konsertin son akkordlarını vurmaq nəsib olmur. 1979-cu il dekabrın 16-sı elə səhnədə onun ürəyi dayanır.