İranda keçirilən "İlaxır çərşənbə" tədbirlərində 3 nəfər ölüb, 2 351 nəfər isə yaralanıb. “Report” “Təsnim”ə istinadən xəbər verir ki, bunu İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kolyond bildirib. Onun sözlərinə görə, gənclər və uşaqlar bütün gecə boyu fişəng atıb, atəşfəşanlıq düzəldiblər: “Belə tədbirlər nəticəsində biri 14 yaşlı yeniyetmə olmaqla 3 nəfər həyatını itirib”. Pirhüseyn Kolyond deyib ki, 600 yaralı xəstəxanaya yerləşdirilib: “Onlardan ikisinin vəziyyəti ağırdır”. Xatırladaq ki, İranda "İlaxır çərşənbə"ni əsasən Güney Azərbaycan türkləri qeyd edirlər. Ölkənin bəzi rəsmiləri və din xadimləri bu bayramın qadağan edilməsini istəyirlər. Onlar bunun üçün həmin gün baş verən yanğın hadisələrini də əsas göstərməyə çalışırlar.