Bakıda hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində daha iki şahid ifadə verib

12:33 - 27 Dekabr 2016 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Yol Polisi idarəsində növbətçi hissənin rəisi vəzifəsində çalışan İlqar İbrahimov ifadə verib.
O, dindirilərkən hadisədən sonra həmin yerə gədiyini, təxminən 10-15 dəqiqə orada olduğunu bildirib: "Dedilər ki, sürücü də xəsarət alıb, onu aparıblar. Dərhal zərərçəkənin yanına yaxınlaşdım. Zərərçəkənin anası və bir qız da hadisə yerində var idi. Onun anası təcili yardım çağırılmasını istəyirdi".
Təqsirləndirilən R.Kərimov yerindən müdaxilə edərək, hadisə zamanı həmin polis əməkdaşı gələndə orada olduğunu deyib.
Şahid İ.İbrahimov R.Kərimovu xatırlamadığını söyləyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri şahidin düzgün danışmadığını deyib. Onlar hadisə zamanı videogörüntülərin məhkəmədə təqdim olmasını istəyiblər.
Hakimlər qeyd ediblər ki, hazırda şahidlərin dindirilməsi mərhələsi olduğundan videogörüntülərə baxılması ilə bağlı vəsatət baxılmamış saxlanılır.
Prosesdə şahid qismində Muxtar Hüseynov dindirilib.
Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.
Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.
Bundan başqa, E.Allahverdiyev hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

Xəbər xətti