Azərbaycanda dünən və bu gün dekabr ayı üçün çox da xas olmayan hava şəraiti müşahidə edilir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənov bildirib ki, bu gün günorta saatlarında havanın temperaturunun 10-12 dərəcə olması dekabr ayının ortaları üçün xarakterik deyil.
Onun sözlərinə görə, əgər günorta saatlarında 7-8 dərəcə qeydə alınsaydı, bu, adi hal hesab oluna bilərdi: “Belə olanda atmosfer təzyiqi aşağı düşməlidir və artıq düşüb də. Ölkədə artıq şimaldan arktik hava kütləsinin daxil olması üçün şərait yaranıb. Azərbaycanda yaxın 2 gün ərzində havanın kəskin dəyişməsi müşahidə ediləcək”.
M.Həsənov bildirib ki, dekabrın 14 və 15-də havanın kəskin soyuması nəticəsində müşahidə ediləcək hava şəraiti dekabr ayı üçün xarakterikdir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlığa əsasən, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.