Səlim Müslümov: “Azərbaycanda sosialyönümlü siyasət daha da gücləndiriləcək”

15:08 - 9 Dekabr 2016 - ÖLKƏ İÇİ

Səlim Müslümov  Zərdabda 7 rayonun  sakinləri ilə görüşüb 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ucnoqta.az-a verilən məlumata görə, müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya vasitələri, bərpa müalicəsi xidmətləri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb olunma və s. məsələləri əhatə edib. Nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçən qəbul zamanı hər bir müraciətə diqqətlə yanaşılıb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılması təmin olunub. Ayrı-ayrı məsələlər araşdırılaraq nəticəsi əsasında tədbirlər görülməsi üçün nəzarətə götürülüb. 
Vətəndaşlarla görüş zamanı S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlandığını vurğulayıb: “Son illərdə dünya iqtisadiyyatında böhranın kəskinləşməsi səbəbindən bir çox ölkələrdə sosial proqramlarla bağlı sərt qənaət mexanizmləri işə salınsa da, Azərbaycanda sosialyönümlü siyasət daha da gücləndirilir. Bunun əyani nümunəsi kimi, əvvəlki illərdə olduğu kimi, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü xarakter daşıyacaq. Cənab Prezidentin bu günlərdə Zərdab rayon ictimaiyyəti ilə görüşündə bəyan etdiyi kimi, sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq və sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək”. 
Vətəndaşların dövlət büdcəsi hesabına mənzillə təminata dair müraciətlərini cavablandırarkən S.Müslümov dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən görülən işlərin davamı kimi, bu ilin ötən dövründə nazirliyin 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin etdiyini bildirib: “Sərəncamın icrası çərçivəsində  Zərdab, Ucar, İmişli,  Beyləqan və Füzuli rayonlarında 26 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Həmçinin  Beyləqan rayonunda bu ilin may ayında 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Yaxın vaxtlarda Kürdəmir rayonunda 8 ədəd, Füzuli rayonunda 4 ədəd  fərdi yaşayış evi də bu təbəqələrə aid vətəndaşlara veriləcək. Bu rayonlarda həmin imtiyazlı insanlar üçün mənzil tikintisi hazırda davam etdirilir və qarşıdakı dövrdə də yeni evlərin tikintisi nəzərdə tutulur”. 
Qəbul zamanı bir sıra vətəndaşların müraciətlərinə əsasən onların reabilitasiya vasitələri, bərpa-müalicə xidmətləri ilə təmin edilmələri, aktiv əmək bazarı proqramlarına cəlb olunmaları və s. ilə əlaqədar  S.Müslümov tərəfindən nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib. Habelə ayrı-ayrı vətəndaşlara yaşadıqları ərazi üzrə münasib işlərlə təmin edilmələri üçün vakant iş yerləri təklif olunub və onlara seçdikləri iş yerlərinə göndərişlər təqdim edilib. “Hazırda sakinlərini qəbul etdiyimiz Zərdab, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonları üzrə bu ilin yanvar-noyabr aylarında  3175 nəfər nazirliyin məşğulluq orqanları vasitəsilə münasib işlərlə təmin olunub, 104 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”,- deyə bildirən S.Müslümov özünüməşğulluq proqramının icrası işlərinin bu 7 rayonu da əhatə etdiyini  diqqətə çatdırıb: “Hazırda özünüməşğulluq proqramı üzrə təlimləri bitirənlər üçün biznes-planların qiymətləndirilməsi prosesi davam edir. Müsbət haldır ki, indiyədək qiymətləndirmədən keçənlərin 80 faizdən çoxunun  biznes-planları uğurlu hesab edilib. Onların ailə bizneslərinin qurulması üçün mal və materiallarla təmin olunmalarına yaxın vaxtlarda başlanacaq”.
Qəbula gələn vətəndaşlar əhalinin etibarlı sosial müdafiəsinin təşkil olunmasına, sosial cəhətdən həssas əhali qruplarının diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 
   Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 
 


Xəbər xətti