OPEC Rusiya ilə hasilatın 6 ay müddətinə azaldılması ilə bağlı şərtlərdə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino "TASS" agentliyinə müsahibəsinə məlumat verib: "Biz Rusiya ilə qarşılıqlı qəbul edilən şərtlər üzrə anlaşaraq hasilatı 6 ay müddətinə azaltmaq qərarına gəlmişik".
E.del Pino bildirib ki, Venesuela dekabrın 10-da Vyanada OPEC üzvü olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı sənədi imzalayacaqlarını gözləyir.
"Report"un analitik qrupu bildirir ki, dekabrın 10-da imzalanacaq növbəti razılaşma ərəfəsində neft qiymətləri 54 dollar/barel səviyyəsində qərarlaşıb. Həftənin sonuna qədər qiymətlərin razılaşmada bir problem çıxmayacağı təqdirdə 60 dollar/barelə yaxınlaşacağı istisna edilmir. Lakin mütəxəssislərin fikrincə, neft qiymətlərinin artması uzun sürməyəcək. Belə ki, yüksək qiymətlər ABŞ-da neft hasilatının artmasına və hasilatı azaldan ölkələrin bazar payının ABŞ tərəfindən tutulmasına gətirib çıxara bilər. Bundan başqa, noyabr ayında OPEC və kartelya ona üzv olmayan ölkələrin hasilatı ciddi şəkildə artırdığı ehtimal edilir. Belə olarsa, hasilat kvotalarının azaldılması neft bazarına ciddi təsir etməyəcək.