Moskvada Rusiya və Türkiyə baş nazirləri arasında görüş keçirilib. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, görüşdə Türkiyə baş naziri Binəli Yıldırım Rusiya-Türkiyə münasibətlərinin çətin bir dövrdən keçərək inkişaf etməyə başladığını bildirib.
Onun sözlərinə görə, bu münasibətlər əvvəlkindən də yüksək səviyyədə inkişaf etdirilməlidir: “Münasibətlərin normallaşmağa başladığı bu ilin avqust ayından mərhələ-mərhələ addımlar atırıq. Ancaq münasibətlərin normallaşdırılması prosesi daha sürətlə getməlidir. Rusiya və Türkiyə terrorizmə qarşı birgə mübarizə aparmalıdır. Biz həmçinin yarımçıq qalmış layihələri reallaşdırmalıyıq”.
Rusiya baş naziri Dmitri Medvedev isə bildirib ki, böyük layihələri həyata keçirmək və iqtisadi-ticarət əlaqələri genişləndirmək üçün böyük potensial mövcuddur: “Tarixən Türkiyə və Rusiya arasında böyük ticarət əlaqələri olub. Son zamanlar isə bu bir qədər azalıb. Bu gün keçirilən görüşün əsas məqsədi iqtisadi, investisiya, humanitar əlaqələrə və əməkdaşlığın bütün sahələrinin inkişafına əlavə təkan verməkdir”.
Sonra görüş qapalı davam etdirilib.