Azərbaycan və Qazaxıstan yeni birgə müəssisə yaradır

14:05 - 6 Dekabr 2016 - İQTİSADİYYAT

“Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayevlə görüşüb. 
Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Report"a daxil olan məlumata görə, R.Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb. 
Bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi arasında ən qısa yolun Azərbaycandan keçməsi hər iki ölkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir: "İstər Azərbaycanda, istərsə də, Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yaxınlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası üçün geniş imkanlar yaradır".
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Öz növbəsində K.Alpısbayev də Gəmiçiliklə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın eyni zamanda nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib. Danışıqlardan sonra R.Vəliyev və K.Alpısbayev iki qurum arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar.
Strateji əməkdaşlıq haqqında müqaviləyə əsasən, tərəflər nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlb edilməsi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma və gəmi təmiri, liman və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəliblər.

Xəbər xətti