Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin VI turunun 8 oyunu keçiriləcək.
A, B, C və D qruplarında keçiriləcək qarşılaşmalardan sonra qitənin ən nüfuzlu klub turnirində yoluna davam edəcək 8 və Avropa Liqasında çıxış edəcək 4 komandanın adına aydınlıq gələcək. Artıq A qrupunda 1/16 final mərhələsinə yüksələn komandalar məlumdur. Fransanın PSJ və İngiltərənin "Arsenal" klubu yoluna davam edəcək. Avropa Liqasına vəsiqə üçün Bolqarıstanın "Ludoqorets" və İsveçrənin "Bazel" klubları mübarizə aparır. "Bazel" "Arsenal"ı qəbul edəcəksə, "Ludoqorets" səfərdə PSJ ilə qarşılaşacaq. Daha yaxşı nəticə göstərən komanda avrokuboklarda çıxışını davam etdirəcək.
B qrupunda isə hələ də çempionların yarışında yoluna davam edəcək komanda müəyyənləşməyib. İtaliyanın "Napoli", Portuqaliyanın "Benfika" və Türkiyənin "Beşiktaş" klubları yola davam etmək üçün mübarizə aparacaq. "Benfika" İtaliya təmsilçisini sınağa çəkəcəksə, "Beşiktaş" Ukraynada "Dinamo" ilə qarşılaşacaq. İstanbul klubu səfərdən qələbə ilə dönəcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 finalda iştirak hüququ qazanacaq. "Ağ-qaralar" Kiyevdə heç-heçə əldə edərsə və digər oyunda "Napoli" uduzarsa, yenə qardaş ölkə təmsilçisi növbətə mərhələyə yüksələn tərəf olacaq.
C qrupunda isə demək olar hər iki görüş formal xarakter daşıyır. İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Siti" klubu müvafiq olaraq ilk iki pillədə yer alıb. Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu isə yoluna Avropa Liqasında davam edəcək. Şotlandiya "Seltik"i isə yenidən qrup mərhələsində çıxış etmək üçün ən azı yeni mövsümü gözləməlidir.
D qrupunda da eyni vəziyyətin olduğunu qeyd etmək olar. İspaniya "Atletiko"su Almaniya "Bavariya"sı gecənin nəticələrindən asılı olmayaraq 1 və 2-ci pillədə yola davam edəcəklər. Bu qrupdan Avropa Liqasına yollanacaq komanda isə Rusiya "Rostov"u və Hollandiya PSV-si arasında keçiriləcək oyundan sonra məlum olacaq. Rusiya klubu məğlub olmayacağı təqdirdə Avropa Liqasında iştirak edəcək.
Çempionlar Liqası, qrup mərhələsi, VI tur
6 dekabr
A qrupu
23:45. "Bazel" (İsveçrə) - "Arsenal" (İngiltərə)
23:45. PSJ (Fransa) - "Ludoqorets" (Bolqarıstan)
Xal durumu: PSJ - 11. "Arsenal" - 11. "Ludoqorets" - 2. "Bazel" - 2.
B qrupu
23:45. "Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya)
23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Beşiktaş" (Türkiyə)
Xal durumu: "Benfika" - 8. "Napoli" - 8. "Beşiktaş" - 7. "Dinamo" - 2.
C qrupu
23:45. "Mançester Siti" (İngiltərə) - "Seltik" (Şotlandiya)
23:45. "Barselona" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya)
Xal durumu: "Barselona" - 12, "Mançester Siti" - 8. "Borussiya - 5. "Seltik" - 2.
D qrupu
23:45. "Bavariya" (Almaniya) - "Atletiko" (İspaniya)
23:45. PSV (Hollandiya) - "Rostov" (Rusiya)
Xal durumu: "Atletiko" - 15. "Bavariya" - 9. "Rostov" - 4. PSV - 1.